İndiyə qədər insanlarda parazit qurdların törətdiyi xəstəliklərin 250-ə qədər helmint növü aşkar edilib. Onlardan 65-i ölkəmizdə qeydə alınıb.
Hər bir helmintin özünəməxsus həyat tərzi var. Tibbi əhəmiyyəti olan helmintlərin böyük əksəriyyətinin cinsi yetişmiş forması insan bədənində yaşayır. Mayalandıqdan sonra qurdlar öz yumurta və sürfələrini xarici mühitə tökür, bundan sonra onların inkişafı iki yolla gedir. Bundan asılı olaraq qurdlar iki qrupa bölünür: geohelmintlər və biohelmintlər. Bir sıra helmint növlərində onlar xaricə düşüb oradaca (əsasən torpaqda) bir müddət inkişaf edərək invazion, yəni yoluxdurucu formaya çevrilir. Həmin yetişmiş yumurta və sürfə alimentar və ya perkutan (dəridən) yolla insan bədəninə daxil olur. Belə helmintlərə geohelmintlər (geo – torpaq deməkdir) deyilir. İkinci qrup helmintlərdə isə xaricə tökülmüş yumurta orada inkişaf edə bilmir, çünki bir müddət qaldıqda məhv olur. Onun inkişaf edib invazion olması üçün o mütləq başqa bir canlının (inək, donuz, balıq və s.) bədəninə daxil olmalıdır. İnsan belə canlının ətini çiy və ya yaxşı bişməmiş halda yedikdə oradakı invazion sürfələri qəbul edib yoluxur.
İki növ helmintin – enterobius və himenolepisin yumurtalarının xarici mühitdə inkişafına ehtiyac olmur. Enterobius, yəni uşaq bizquyruğu anusdan çıxdıqdan sonra perianal büküşlərə öz yumurtalarını ifraz edir. 4-5 saatdan sonra həmin yumurtalarda invazion sürfələr yetişir. Beləliklə, gecə yumurtalar ifraz edilərsə, səhər xəstənin ətrafında (aralıq nahiyəsində, əlində, yatağında və s.) tam invazion yumurtalar olur.
Helmintlərin cinsi yetkin forması yaşayan canlıya son sahib, sürfə fazasını keçirən canlıya isə ara sahib deyilir. Helmintlərin və makroorqanizmin qarşılıqlı təsiri nəticəsində yaranan helmintozlar zamanı müəyyən simptomatika ilə xarakterizə olunan bir sıra ardıcıl mərhələlər ayırd edilir. Helmintozların kəskin və ya erkən invaziya mərhələsi insan orqanizmində (qan, qaraciyər, ağciyərlər, seroz qişalarda və s.) tez və gecikmiş tipli allergik reaksiyası ilə müəyyən olunur. Bu hal çox vaxt mürəkkəb və uzunmüddətli miqrasiya edən parazit sürfələrinin insan orqanizmində mövcud olması ilə əlaqədar olur. Helmintozlar qeyri-düzgün temperatur reaksiyası, neyrosirkulyator pozğunluqlar, allergik ekzantema, bronxospazm, ağciyərlərdə, qaraciyər və başqa orqanlarda eozinofil infiltratlarının formalaşması, qanda xeyli eozinofiliya və başqa simptomlar ilə təzahür edir. Latent mərhələ kəskin mərhələdən sonra inkişaf edir və troplu orqanda lokalizasiya etmiş cavan helmintin tədricən yetişməsi ilə müəyyən olunur.
Helmintozların xroniki mərhələsi parazitin yetişməsindən və ilk yumurta qoymasından sonra inkişaf edir. Bu zaman erkən fazada parazitlərin yüksək reproduksiya qabiliyyəti ilə əlaqədar olaraq daha çox nəzərə çarpan patoloji təzahürlər müşahidə olunur.
Parazit həyat keçirən helmintlər sahibin orqanizminə müxtəlif təsirlər göstərir. Allergiya ilə yanaşı makroorqanizmin immunoloji aktivliyi azalır, bu da fon xəstəliklərin gedişini çətinləşdirir, nəticədə müxtəlif orqan və toxumalar mexaniki zədələnir. Vitamin azlığı və alimentar çatışmazlıq yaranır, orqanizmə qurdun metabolitlərinin rezorbsiyası nəticəsində intoksikasiya baş verir. Bu da invaziyalaşmış insanın fiziki və əqli qabiliyyətinə mənfi təsir göstərir.
İnvaziyanın xroniki mərhələsində kliniki təzahürlər xeyli dərəcədə parazitin növü və onun orqanizmin müxtəlif sistemlərinə tropluğu, baş verən ağırlaşmaların xarakteri və həmçinin invaziyanın intensivliyi (parazit həyat sürən helmintlərin sayı) ilə müəyyən edilir. Helmintlərin xroniki mərhələsi bir neçə həftədən bir neçə ilə qədər ola bilər.
Helmintlərlə invaziyanın diaqnozu epidemioloji və kliniki laborator məlumatlar kompleksinin təhlilinə əsaslanır. Orqanizmdə helmintlərin olması spesifik diaqnostika metodları — parazitoloji, seroloji və immunoloji metodlarla təsdiq olunmalıdır. Parazitoloji tədqiqat metodları helmintləri, onların toxumalarda olan sürfələrini, orqanizmin ekskret və ya sekretlərində olan yumurtalarını aşkara çıxarmağı nəzərdə tutur. Kliniki praktikada helmintlərin diaqnostikasında koproloji yaxma metodundan geniş istifadə olunur.
Helmintozlarla mübarizə aparmaq üçün kompleks tədbirlər – dehelmintizasiya, yəni invaziyaların müalicəsi çox vacibdir. Hər bir valideyn uşağına qarşı diqqətli olmalıdır. Əgər uşaqda...
Tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları,
Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri,
Bədən çəkisinin yaş normalarından geri qalması,
İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi,
Ürəkbulanma, qusma, ağızdan suyun axması,
İshal və ya qəbizlik,
Bəzən nəcisdə qurdların və ya onların fraqmentlərinin görünməsi,
Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları,
Yuxunun pozulması, yuxuda dişlərin qıcanması kimi əlamətlər varsa, hökmən helmintozlardan şübhələnmək lazımdır.
Helmintozların profilaktikası üçün sanitariya-baytarlıq nəzarəti gücləndirilməli və mütəmadi olaraq sanitar maarifi işi aparılmalıdır. Bundan başqa, şəxsi gigiyenanı qaydalarına ciddi riayət etmək, məktəblərdə və uşaq bağçalarında ayaq yollarını müntəzəm dezinfeksiya etmək lazımdır.
Helmintozların müalicəsində kimyəvi preparatlarla yanaşı dərman bitkilərindən də istifadə edilir. Məsələn, qurdqovucu təsirə malik adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, uca andız kökü, adi yovşan otu, həmçinin qurd xəstəlikləri zamanı yaranan sinir pozğunluqlarını və allergik reaksiyaların qarşısını almaq üçün dərman pişikotu kökü, öksəotu, mayasarmaşığı qozası kimi bitkilər tətbiq edilir.
AZƏR Salehli,
Azərbaycan Tibb Universitetinin tələbəsi