Hər gün işə gələndə və evə dönəndə eyni mənzərənin şahidi oluram. Eskalatorun lap başındaca, yaşı bəlkə də 70-i keçmiş bir nənə pal-paltar satır. Son bir ilə qədər az qala bütün metro istifadəçilərini satdıqları geyimlərə baxmağa dəvət edirdi. İndi daha belə etmir. Sakitcə oturub. Amma bu sükut ona yaxınlaşıb nə isə soruşub, almayanda pozulur. Nənə başlayır qışqırmağa: «Niyə məni narahat edirsən, almayacaqdınsa niyə soruşursan» və s. Bu mənzərə ilə ilk dəfə qarşılaşanlar və daha hövsələliləri heç nə demirlər, bəziləri yaşına görə dillənmirlər, amma onu ətrafdakıların yanında pərt etməyə dözməyən və söz götürməyi sevməyən biri nənəyə cavab qaytarmağa cəhd edəndə ittihamların ardınca qarğış başlayır: «Sən görüm….». Nənəni tanıyanlar, xasiyyətinə bələd olanlar, ondan ittiham və qarğış eşidənlər bir daha ona yaxınlaşmırlar, hətta, gözucu baxıb bəyəndikləri bir şey olsa belə. Yaşlı qadını haradasa başa düşmək olar. Əsəbləri pozulub, bəlkə də alveri yaxşı getmir və s. Nə yazıq ki, bu bəlaya əksər satıcılar – fərqi yoxdur, bu meyvə-tərəvəz satsın, ya pal-paltar, ya da məktəb ləvazimatları və s. mübtəla olublar. Məsələyə onların düşüncəsi ilə yanaşsaq, soruşduğun malı mütləq almalısan. İkinci bir söhbət ola bilməz. Əgər geyinmisənsə, başqa çıxış yolun qalmır, mütləq pulunu verməlisən, yoxsa səni elə pərt edərlər ki, nənənin qarğışından daha betər olar. Mən hələ alınan malların qaytarılmasından, ya da dəyişdirilməsindən danışmıram. Nəyisə alanda satıcı bacı və qardaşla razılaşırsan ki, böyük, ya da kiçik olarsa, uyğunsuzluq təşkil edərsə bunu qaytararsanmı?! Bəziləri insafən vədə əməl edirlər, bir qismin isə onu başqası ilə əvəz edənədək tökdükləri qaş-qabaq, etdikləri giley-güzar, deyinmək adamı lap hövsələdən çıxardır. Hələ bu harasıdır? Bəziləri səni yalan danışmaqda, ona şər atmaqda ittiham edir, üzünə dayanır ki, nə danışırsan, bu malı məndən almamısan, məndə ümumiyyətlə belə çeşid olmayıb. Abrını, həyasını itirmiş, pulunun ancaq bax, beləcə yalan danışmaqla çıxardan satıcının qarşısında, abrına qısılıb geri çəkilənlər də olur, yalançılıqda ittiham edilməyə dözməyərək cavabını verənlər də. Bəzən daha diqqətçəkən hadisələrə şahidi olursan. Tutaq ki, xoşuna gələn ayaqqabıya baxırsan, geyinirsən, qiyməti səni qane etmirsə, geri çəkilməli olursan və rica edirsən ki, gedim bir az da baxım, münasibini tapmasam gələrəm. Bu isə satıcının xoşuna gəlmir və deyir ki, alırsansa indi al, geri qayıdanda sənə görə malım olmayacaq.
Son günlərin ən maraqlı və təəccüblü hadisəsi sentyabrın 14-də, məktəbə bir gün qalmış yaşandı. Gül dükanında alveri «xod» gedən müdir əvvəlcədən xeyli sayda güllər hazırlatdırıb dükanın 4 bir yanına düzdürmüşdu. İçəri daxil olana ilk təklifi həmin güllər olurdu. Eyni təklif mənə də edildi, lakin güllər keyfiyyətini itirdiyindən razılaşmadım. Yenisini istədim. Bu da müdirin xoşuna gəlmədi. Dedi alırsan al, almırsansa başqa gülümüz yoxdur. Aman Allah, dükanda gül əlindən tərpənmək olmur axı!!! Deyirəm, ay qardaş, siz satıcı kimi təklif etdiniz, mən də alıcı kimi bəyənmədim. Yenisini istəyirəm, özü də xatirə-hörmətə yox, pulla. Deyəsən, taxta qapı dəmirinə tuş gəlmişdi. Az fasilədən sonra mənə də gül düzəldi. Qapıdan çıxırdım ki, müdirin səsi gəldi: “Bu gün işimiz çoxdur, gərginik, xətrinizə dəydimsə üzrlü sayın”.
Əslində çox sevindim. Bu kobudluq edəndən sonra səhvini anlayan ilk satıcı idi. Bir də indiyə qədər müəyyənləşdirə bilməmişəm ki, bu üzrxahlıq niyə edildi?