11 oktyabrda Ümumi Yığıncağa hazırlaşan QHT Əməkdaşlıq Alyansı 2013-cü ilin prezident seçkiləri ilə bağlı qərar qəbul edib. Bu sahədə göstərəcəyi fəaliyyət istiqamətlərini açıqlayan Alyans rəhbərliyi bildirib ki, qarşıdan gələn 2013-cü il Azərbaycan Respublikasında Prezident seçkisi ilidir.
“Ölkənin hazırkı inkişafı, demokratik təsisatların möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişafı baxımından Prezident seçkiləri vətəndaş cəmiyyəti üçün də əhəmiyyətlidir. İctimai sektor nə qədər istəsə də, bu kampaniyadan kənarda qala bilməz. Buna görə də QHT Əməkdaşlıq Alyansı ölkənin aparıcı vətəndaş cəmiyyəti institutlarından biri olaraq, seçkilərin demokratik keçirilməsini cəmiyyətimizin əsas inkişaf bazası hesab edir və bu sahədə monitorinq aparmaqla, real seçki vəziyyətinin öyrənilməsi, bu vəziyyətin ölkə ictimaiyyətinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılmasını özünün əsas prioritetlərindən biri sayır. QHT Əməkdaşlıq Alyansı seçki monitorinqini təşkil etmək və aparmaqla, real seçki nəticələrini üzə çıxarmaq və onun bütün qüvvələr tərəfindən qəbul etməsində vətəndaş cəmiyyətinin mövqeyinin ifadəçisi olmaq niyyətindədir”-deyə qurum bəyan edib.