Modern.az

Məzahir Pənahov: “Belarus kəndlərində insanlar vaxtından əvvəl səsverməyə gəlirlər”

Məzahir Pənahov: “Belarus kəndlərində insanlar vaxtından əvvəl səsverməyə gəlirlər”

Təhsil

24 Sentyabr 2012, 15:53

Belarus Milli Məclisinin Nümayəndələr Palatasına dünən keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov proseslə bağlı açıqlama verib. Modern.az-ın AzəTac-a istinadən verdiyi məlumata görə, seçkilər yüksək səviyyədə keçirilib:

“Azərbaycan MSK artıq 10 ildir Belarus MSK ilə sıx əməkdaşlıq edir. Belarus Mərkəzi Seçki Komissiyasının peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. Bu seçkilər və müşahidə etdiyimiz əvvəlki seçkilər yüksək səviyyədə təşkil edilib və keçirilib. Məntəqələrdəki komissiya üzvləri çox savadlı insanlardır və öz işlərini yaxşı bilirlər”.

M. Pənahov deyib ki, ucqarlarda insanlar seçkilərdə daha mütəşəkkil iştirak edirlər. “Əslində, bütün dünyada belədir, çünki insanlar bir-birini, o cümlədən səs verməyə getdikləri namizədləri tanıyırlar. Buna görə də kəndlərdə seçicilərin fəallığı olduqca yüksəkdir”.

M.Pənahovun sözlərinə görə, vaxtından əvvəl səsvermə Belarusda keçirilən seçkilərin fərqləndirici xüsusiyyətidir, çünki bir çox kəndlərdə insanlar məhz vaxtından əvvəl səs verməyə gəlirlər.

 MSK sədri Belarusun bəzi müxalifət partiyalarının parlament seçkilərini boykot etmək çağırışlarını şərh edərək bildirib ki, postsovet məkanında tez-tez təsadüf edilən belə hallar vətəndaşlıq mövqeyi nöqteyi-nəzərindən tamamilə qəbuledilməzdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi