Modern.az

Mətbuat Şurasından tanınmış jurnalistə NEKROLOQ

Mətbuat Şurasından tanınmış jurnalistə NEKROLOQ

Media

24 Sentyabr 2012, 18:15

Tanınmış azərbaycanlı jurnalist və yazıçı, dəyərli soydaşımız Fərhad Ağamalıyev ürək tutmasından dünyasını dəyişib.

F.Ağamalıyev 1946-cı ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunu bitirib. Çoxsaylı kitabın, tamaşaçı marağı qazanmış kino ssenarilərinin, dram əsərlərinin müəllifidir. Onun ədəbi ssenariləri əsasında Bakıda, Moskvada, Sverdlovskda, Minskdə və digər yerlərdə bədii filmlərlərlə yanaşı, dərin ictimai məzmuna malik sənədli ekran əsərləri də ərsəyə gəlib.

F.Ağamalıyev doğma yurdan kənarda olmasına baxmayaraq, həmişə Azərbaycanı düşünüb. Onun peşəkar fəaliyyətinin qayəsini Azərbaycan mövzusu təşkil edib. Görkəmli jurnalist hələ 1987-ci ildə «Sovet mədəniyyəti» kimi partiya mətbuatında işləyərkən qədim şəhərlərimizdən olan Gəncənin adının özünə qaytarılması təşəbbüsü ilə çıxış edərək cəsarətli addım atıb. Buna görə ciddi təzyiqə məruz qalsa da, öz yolundan dönməyib.

Sonrakı illərdə F.Ağamalıyevin jurnalistlik fəaliyyəti özünün daha yüksək mərhələsinə qədəm qoyub. Jurnalistin birbaşa təşəbbüsü ilə ötən əsrin 90-cı illərində Moskvada Azərbaycanla bağlı «Panorama Azerbaycana» adlı ilk rusdilli qəzet işıq üzü görüb. Məhz həmin nəşrin səhifələrində yenicə qızışmaqda olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar tam açıqlığı ilə öz əksini tapıb.

66 il ömür sürən F.Ağamalıyev «Sovet mədəniyyəti» qəzetinin kino şərhçisi, yaradıcısı olduğu «Panorama Azerbaycana» qəzetinin, həmçinin «Şərq ekspressi» jurnalının baş redaktoru kimi çalışıb. Çoxsaylı publisistik məqalələri ilə Rusiya ictimaiyyətinin Azərbaycan həqiqətləri, xüsusən də 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi, Xocalı soyqırımı barədə məlumatlandırılmasında, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gizli məqamların aşkara çıxarılmasında müstəsna xidmətləri olub.

F.Ağamalıyev  2004-cü ilədək Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətinə rəhbərlik edib. Azərbaycan Mətbuat Şurası çox illik xidmətləri olan görkəmli qələm sahibimizin vaxtsız vəfatını Azərbaycan jurnalistikası, o cümlədən ictimai fikri üçün böyük itki sayır, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Ustad jurnalist, dəyərli ziyalı, böyük vətənpərvər F.Ağamalıyevin əziz xatirəsi daim yaddaşlarda qalacaq.

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi