Payız gəldi, havalar getdikcə soyuyur. Artıq payız mövsümü üçün olan geyimlər qarderoblarda öz yerini almağa başlayıb. Bəs bu payız mövsümündə hansı rənglərdə, hansı üslubda geyinməliyik?
Modern.az-ın bu suallarını stilist Anar Atakişiyev cavablandırıb.
Stilist Anar bildirib ki, əsasən yaşıl, yasəmən, qızılı, ağ-qara və al-qırmızı rənglər çox dəbdə olacaq. Onun sözlərinə görə, bu mövsümün rəngi qırmızıdır, həm də gözqamaşdırıcı səviyyədə.
“Bu payız-qış kolleksiyasında qırmızı rəngdə ziyafət geyimləri daha çox dəbdə olacaq. Bu il daha çox cırıq-cırıq, dar olmayan, enli cins şalvarlar dəbə gəlir. İdman üslubuyla klassik üslubun qarışığı dəbdə olacaq. Bu payızda cins və dəri parçadan olan jiletkalar çox dəbdədir. Amma cırıq-cırıq və köhnəlmiş şəkildə olanlar. Həmçinin bu il 60-70-ci illərin modası geri qayıdıb. Belə ki, bu payız-qış kolleksiyasında dəri pencəklər dəbə gələcək”, –deyə stilist bildirib.
Ayaqqabı və çantalara gəlincə isə, payız-qış aylarında daha çox kobud ayaqqabılar və çantalar üstünlük təşkil edəcək.
Saç düzümləri isə dağınıq halda olacaq.
Sevinc İltifatqızı