Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasının Azərbaycanda siyasi məhbus üzrə məruzəçisi Kristofer Ştrasserlə görüşəcəklər. Bu barədə Modern.az-a monitorinq qrupunun üzvü Səidə Qocamanlı məlumat verib. Hüquq müdafiəçisi qeyd edib ki, Ştrasserlə görüş gələn həftə Strasburqda baş tutacaq. Görüşdə məruzəçinin Azərbaycandakı siyasi məhbuslar haqda təqdim etdiyi siyahı müzakirə ediləcək.
“Hazırda bizim siyahımızda 10 siyasi məhbus var. Ştrasserin siyahısını biz kifayət qədər işləmişik. Biz bu variantı onun özünə də göndərmişik. Çünki həmən siyahıda artıq azadlığa çıxan şəxslərin, dünyasını dəyişən insanların adları var. Bütün bu məqamları biz qeyd edərək ona məlumat göndərmişik. Təbii ki, onun siyahısında 70 nəfərin olduğu bildirilmişdi. Bu da həqiqəti əks etdirmir”-deyə hüquq müdafiəçisi bildirib.
“Biz gələn həftə Strasburqda onunla görüş planlaşdırmışıq. Ştrasserlə onun siyahısı ətrafında geniş müzakirə keçirməyi düşünürük. Oktyabrın 1-dən AŞPA-nın Strasburqda sessiyası başlayır”, -deyə qeyd edən S.Qocamanlı Ştrasserin işçi qrupunun yaradılmasının vacib olduğunu bəyan edib.
“Ştrasserin işçi qrupunun yaradılması ilə bağlı fikri çox müsbətdir. Artıq Ştrasser də anlayır ki, bunu ancaq ölkə daxilində etmək mümkündür”.
Anar RÜSTƏMOV