Səbail rayonunun Badamdar qəsəbəsində mərhum şair Ağa Laçınlının ailəsinə məxsus olan torpaq sahəsinin keçmiş icra başçısı tərəfindən zəbt olunduğu barədə məlumat vermişdik.
Modern.az bildirir ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən şair, ədəbiyyatşünas alim Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb.
Torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1338 saylı sahədə yerləşir.
Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi onun ailəsinin mülkiyyətində qalıb. Ağa Laçınlı 2007-ci ilin sonlarında vəfat edib.
2008-ci ildə şairin ailəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Torpaq sahəsinin planı və ölçüsü” və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” alıb. 2011-ci ildə isə mərhum şairin ailə üzvləri onlara məxsus torpaq sahəsinin zəbt edildiyini üzə çıxarıblar. Məlum olub ki, torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov icra başçısı işlədiyi zaman, 1995-də anası Biliy Məmmədovanın verdiyi 885 saylı sərəncamı əsasında zəbt olunub.
Göründüyü kimi, sözügedən sərəncam (15 mart 1995-ci il, 885 saylı) Ağa Laçınlıya torpaq sahəsinin ayrılması haqqında sərəncamdan (27 yanvar 1995-ci il, 373 saylı) sonra verilib.
Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən “Torpaq sahəsinin planı və ölçüsü” və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ı da Məmmədovlar ailəsi Ağa Laçınlının ailəsindən sonra alıb.
Yuxarıda qeyd etyimiz kimi bu sənədləri mərhum şairin ailəsi 2008-ci ildə alıb. Sabiq icra başçısının anası Biliy Məmmədovaya isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Torpaq sahəsinin planı və ölçüsü” və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” 2001-ci ildə verilib.
Sabiq icra başçısının anasının adına bu sənədlər alınan kimi, yəni 2011-ci ildə torpaq sahəsində işlərə başlanılıb, qazıntı aparılıb, hasar çəkilib, darvaza qoyulub.
Məmmədovlar ailəsi “Əgər sizin 1995-ci ildən burda torpaq sahəniz var idisə, nə əcəb indiyədək burda heç bir iş görməmişdiniz” sualına ağlabatan cavab verə bilməyiblər.
Daha bir maraqlı fakt: Sabiq icra başçısının anasına verilmiş sənəddə ona ayrılan torpaq sahəsinin sıra nömrəsinin 1898x olduğu göstərilib. Halbuki, ərazidəki sahələrin sıra nömrələri 1335, 1336, 1337 və Ağa Laçınlının ailəsinə məxsus olan 1338 saylı sahədir. 1898x saylı sahə bu ərazidə necə yerləşə bilər?
2011-2012-ci illərdə, faktiki ilyarım ərzində şairin ailəsi qarşı tərəfə qeyri-qanuni inşa olunmuş daş hasarın sökülməsi barədə dəfələrlə xəbərdarlıq etsə də, buna məhəl qoyulmayıb.
2012-ci ilin sentyabrın 5-də rəsmi dövlət qəzeti “Azərbaycan”da Ağa Laçınlıya verilmiş torpaq sahəsinin zəbt olunmasını kəskin pisləyən yazı dərc olunub. “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı yazıda vurğulanıb ki, Ağa Laçınlıya Badamdarda torpaq sahəsi ziyalılara dövlət qayğısı çərçivəsində verilib. Yazıda bildirilib ki, bu qanunsuzluğun aradan qaldırılmaması dövlətin humanizm siyasətinə qarşı qarı çıxmaq deməkdir.
Sentyabrın 25-də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edib dəqiq göstərmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi Badamdar qəsəbəsinə gəlib. Koordinatların peyk vasitəsilə yerində müəyyən edilməsi prosesini jurnalistlər – “Azərbaycan” qəzetinin müxbiri Rüstəm Kamal, “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlov, “525-ci qəzet”in müxbiri Bəxtiyar Məmmədli, “Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimov, Modern.az saytının müxbiri Mail Ağaxanov və “Mediaforum.az” saytının müxbiri İmdad Əlizadə də müşahidə ediblər.
Yerində təftiş prosesi zamanı aydınlaşıb ki, sabiq icra başçısının çəkdirdiyi daş hasarın 8 metr 50 santimetr hissəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə keçir. Məlum olub ki, 2012-ci ilin sentyabrında, yəni məsələ mediada işıqlandırılandan sonra bu hasarın yalnız 2 metrə yaxın hissəsi sökülüb. Sabiq icra başçısının çəkdirdiyi hasarın 6 metr yarımdan çox hissəsi hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir. Jurnalistlərin, hal şahidi Əfqan Həsənovun və Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadənin iştirakı ilə yerində akt tərtib olunub. İştirakçılar imzaladıqları aktla mərhum şairin ailəsinə məxsus torpaq sahəsinin zəbtinin davam etdiyini, sabiq icra başçısının çəkdiyi daş hasarın hazırda 6 metr yarım hissəsinin şairin ailəsinə məxsus torpaq sahəsinə keçdiyini təsdiqləyiblər.
Ərazidə olarkən prosesdə iştirak etməyi söz verən sabiq icra başçısının qardaşı Zülfüqar Məmmədov Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadəyə telefonda deyib ki, “sizin əraziyə keçməmişik, ver məhkəməyə qoy məhkəmə qərar çıxarsın”.
Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadə bildirib ki, məsələ ilə bağlı sabah məhkəmənin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prakuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.
Mələk Əliyeva müraciətində bildirilib ki, Rüstəm Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqadar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Ağa Laçınlının ailə üzvlərinin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Mail Ağaxanov