Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurum rəhbərlərinin deputatların rəsmi sorğularına belə cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər.
Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, onunla bağlı belə bir hadisə baş verməyib: “Mənə daxil olan şikayətləri nazirliklərə, nazir adına və ya icra strukturlarına göndərdikdə yüksək səviyyədə cavab almışam. Yəni icra strukturlarının heç birindən giley-güzarım yoxdur. Nə müraciətim olubsa, cavab veriblər”.
E. İbrahimov qeyd edib ki, o əsasən aqrar sahə üzrə nazirliklərlə əlaqə saxlayıb.
“Mənə daxil olan şikayətlər torpaqla, kənd təsərrüfatının müəyyən sahələri ilə əlaqədar olduğundan müraciətləri Kənd Təsərrüfatı Nazirliyinə, Torpaq və Xəritəçəkmə Komitəsinə, “Meliorosiya və su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərirəm. Onlar da vaxtlı-vaxtında bu sorğuların cavablarını yüksək səviyyədə verirlər, tədbir görürlər. Hansı mümkündür, yazırlar mümkündür, hansı mümkün deyil, deyirlər ki, problemin həlli mümkün deyil. Özüm də şikayətçiyə də məktub göndərirəm ki, sənin şikayətin filan yerə getdi, filan nəticəsi oldu”.
Deputat problemlərlə bağlı zəng etdiyi dövlət qurumlarının rəhbərləri ilə maneəsiz əlaqə yaratdığını qeyd edib: “Bəlkə komitə sədri olduğumdandır bilmirəm, amma deyim ki, hər zaman telefonlarıma dövlət qurumlarının rəhbərləri cavab verib. Əvvəllər deputatlar belə hadisələri yaşadıqları barədə qeyd edirdilər ki, onların telefonlarına nazirlər cavab vermir. Amma mən heç vaxt belə hadisə ilə qarşılaşmamışam”.
Aytən Əliyeva