Modern.az

Ağa Laçınlının torpağını zəbt edən tərəf məhkəmədən vaxt istədi

Ağa Laçınlının torpağını zəbt edən tərəf məhkəmədən vaxt istədi

Təhsil

26 Sentyabr 2012, 16:42


Bu gün Səbail Rayon Məhkəməsində mərhum şair Ağa Laçınlıya məxsus torpaq sahəsinin zəbt olunmasından verilən şikayət üzrə proses başlayıb. Modern.az xəbər verir ki, prosesdə mərhum şairin ailəsinin hüquqlarını Vüqar Tahirzadə müdafiə edib. Qarşı tərəfdən prosesdə Sabail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rüstəm Məmmədovun qardaşı Mübariz Məmmədov iştirak edib.

Hakim Nurəddin Bağırov jurnalistlərin prosesi izləməsinə imkan verməyib və media nümayəndələri məhkəmə zalından çıxarılıb. Mərhum şairin oğlu Azər Qaraçənli  proses başa çatdıqdan sonra jurnalistlərə deyib ki, qarşı tərəf işlə əlavə tanışlıq üçün hakimdən vaxt istəyib:

“Mübariz Məmmədov hadisədən xəbərsiz olduğunu dedi. Hadisə ilə onun qardaşı Zülfüqar Məmmədovun məşğul olduğunu deyib. Mübariz Məmmədov məhkəmədə söz verdi ki, bu məsələni həll edəcək. Bildirdi ki, bütün bu səhvləri onun qardaşı edib. Mübariz Məmmədov bu məsələdən ilk dəfə bu gün xəbər tutduğunu dedi və məhkəmənin mətbuatdan oxuduğunu deyib. O, hakim Nurəddin Bağırovdan  vaxt istədi ki, növbəti məhkəmə prosesinə kimi bu məsələni həll etsin. Hakim də məhkəməni oktyabrın 16-ı saat 11-ə təyin etdi. Sabiq icra başçının qardaşı Mübariz Məmmədovun son sözü bu oldu ki, məsələ oktyabrın 16-a kimi həll olunacaq. Biz də oktyabrın 16-a kimi gözləyirik görək prosesin nəticəsi nə olur. Qarşı tərəfin vaxt aparmasının onsuz da bir faydası yoxdu. Ona görə də qarşı tərəf məhkəmədən vaxt istəyib, məsələni həll etməlidir”.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.

Sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.


Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi