Modern.az

Kimdir ağsaqqal?!

Kimdir ağsaqqal?!

26 Sentyabr 2012, 17:06

20 il öncə  sovetlər imperiyasından qurtulanda sevindik ki, artıq müstəqilik – totalitar rejimin təzyiqi altında inkişaf etdirə bilmədiyimiz bir sıra dini, milli dəyərlərimizə əsl mənada sahib duracağıq. İlk vaxtlar durduq da. Fəqət sonradan əsasən iki səbəbdən həmin dəyərlər öz ilkin dəyərini itirməyə başladı. Birincisi,  adi söhbətlərdə, tədbirlərdə, mitinqlərdə,  eləcə də qəzet, radio və telekanallarda o dəyərləri ifadə edən sözləri yerli-yersiz o qədər işlətdik ki, onlar gözdən düşdü. Həm də müqəddəs dəyərlər barədə çox dəyərsiz insanlar danışdı. Dinsiz dindən, əxlaqsız əxlaqdan, şərəfsiz şərəfdən dəm vurdu. Ailə, namus, qeyrət nə olduğunu bilməyən bəzi siyasətçi, artist və aktyorlar bizə ailə, əxlaq dərsi keçməyə başladılar.  İkincisi, “qloballaşma”, “inteqrasiya”, “innovasiya”, “açıq cəmiyyət”,”tolerantlıq”, “gender” və s. adlar altında həyatımızın bütün sahələrinə milli və dini əxlaqımıza zidd olan o qədər “yeniliklər” yeridildi ki, sovet “qəfəsindən” yenicə çıxmış dəyərlərimiz  təzyiqlərə tab gətirmədi. Nəticədə cəmiyyətin xeyli hissəsi, xüsusən uşaq və yeniyetmələr bu “yenilikləri”   ləzzətlə həzm edərək öz dəyərlərimizə dırnaqarası baxmağa alışdılar...

Ailədə, cəmiyyətdə böyük-kiçik yeri bilmək, ağsaqqallıq, ağbirçəklik də belə gözdən salınan dəyərlərimizdəndir. Əvvəllər ağsaqqal sözü qanun idi. Uşaqdan böyüyə hamı bir çətinliklə rastlaşanda ağsaqqal məsləhətinə ehtiyac duyardı.  İndikilərin ağsaqqalı telekanallardı, internetdi, mobil telefondu... Bu günkü çocuqlar, yeniyetmə və gənclərin, təəssüf ki, xeyli hissəsi reklamlardakı, seriallardakı, tok-şoulardakı hər hansı bir lüzumsuz sözü, məsləhəti həmən beyninə həkk edir, ancaq baba-nənə, ata-ana ha özün öldürsün, veclərinə olmaz...

Amma “ağsaqqal” dediklərimizin xeylisi də “müasirliyin” təzyiqləri altında özlərini, idarəetməni itirərək   gülüş hədəfinə çevrilirlər. Yəqin ki, çoxları günümüzün məşhur aktyorları(?) Rafaellə Coşğunun, yaxud Fərdanın öz tamaşalarında ağsaqqallığı necə gülünc vəziyyətə qoyduğunu görüb... Əslində bu, sağlam tənqid deyil, bilavasitə ağsaqqallığın gözdən salınmasına yönəlmiş ideoloji təbliğatdır, bəlkə də təxribatdır ... İş o yerə çatıb ki, yeniyetmə oğlan və qızlar bir-birinə istehza ilə “ağsaqqal, ağsaqqal” deyə müraciət edirlər. Dözülməz bir haldı...

Əvvəllər bir institut, yəni cəmiyyətdəki proseslərə bilavasitə təsir edə bilən bir qurum kimi formalaşmış ağsaqqallıq bu gün öz mövqelərini itirməyə başlayıb. Bunun əsas günahkarlarından biri də, qeyd etdiyimiz kimi,  məhz ağsaqqallıq, ağbirçəklik  funksiyasını icra etməli olan yaşlılardır ki, onlar ya həddindən artıq müasirləşib, ya da  tam mütiləşiblər. Əgər ailədə baba,  yaxud nənə nəvələrinin namaz qılıb hicab  bağlamasının qarşısını alırsa və onları “müasir”, yəni açıq-saçıq paltarlar geyməyə vadar edirsə, həmin babanı, nənəni necə ağbirçək, ağsaqqal hesab edəsən? Yaxud baba  oğlu, nəvəsi ilə qarşı-qarşıya  oturub dəm olunca araq vurursa, sabah hansı haqla özünü ailənin böyüyü adlandıra bilər? Həmin oğul və ya  nəvə əyyaşlığa qurşanarsa, babanın sözü keçərli olarmı?..  Başqa cür də olur; baba çox məsələlərdə dini, milli adət-ənənələrimizə uyğun hərəkət edir. Amma... Övladlarını, nəvələrini hər hansı bir vəzifəliyə, dövlətliyə yaltaqlıq ruhunda tərbiyə edir: “...Bala, hamı necə, sən də elə, gördün filankəsi tərifləyirlər, sən də təriflə, əl çalırlar, sən də çal, filankəsə səs verirlər, sən də ver. Hələ çalış o birilərdən yaxşı təriflə,  bərk əl çal, onda qabağa gedəcəksən,  sən də vəzifə, var-dövlət sahibi olacaqsan. Səndən yuxarıdakılar nə desə, düz oldu, səhv oldu, denən “baş üstə”, danladılar, söydülər, dinmə, təki işin getsin, çörəyin çıxsın. İşin, çörəyin, ailənin xətrinə gərək çox şeyə göz yumasan... Gərək zəmanə ilə ayaqlaşasan, bala...”

Gənc nəsilə bu cür məsləhətlər verəni ağsaqqal, hesab etmək olarmı?..

Əsl müsəlman, Azərbaycan ağsaqqalı necə olmalıdır? Bəlkə müasir ağsaqqal, xanım həmkarımız Elza Demirdağın təbirincə düşünsək, küçədə şortikdə gəzməli, saqqız çeynəməli və Aygün Kazımovanın, Röyanın, yaxud Faiq Ağayevin fanatı olmalıdır ki, gənc nəsil də ondan nümunə götürsün?..

Növbəti yazıda bu suallara cavab tapmağa siz də kömək edə bilərsiz, əziz oxucular...  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu