Modern.az

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Təhsil

26 Sentyabr 2012, 20:44

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının fərmanına əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

Yeni dövlət agentliyinin yaradılmasında əsas məqsəd kimi ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi qeyd edilib.

Bildirilib ki, yeni dövlət agentliyi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında yaradılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən qurumdur.

Həmçinin prezidentin fərmanında qeyd olunub ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görsün, dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirsin və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına müvafiq texniki və metodiki kömək göstərsin, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

Tapşırılıb ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etsin, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasını həyata keçirsin, onlara texniki və metodiki kömək göstərsin, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər görsün və Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

Fərmanda Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılması da tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsinin layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi