Bu qədər də olmaz! İnsanların hisslərindən istifadə etməklə reytinq qazanmağın sonu yoxdur. Son zamanlar kütləvi informasiya vasitələri “yüngül” yollara əl atmaqla tamaşaçı, dinləyici, oxucu auditoriyalarını genişləndirməyə çalışırlar. Söhbət mediada şou əhlinə ayrılan yer, açıq-saçıq şəkillər və xəbərlərdən getmir. Məsələ daha da ciddiləşməkdədir. İşin içərisinə yalan qarışıb. Bir sıra saytların, portalların yayımladıqları xəbərlərin əksəriyyətini oxuduqdan sonra əsəbiləşməmək qeyri-mümkündür. Deyəsən, şəxsi mənafelərini düşünən bəzi “jurnalistlər” həm də xalqın qəsdinə durublar. Söhbət yanlış xəbər başlıqlarından gedir. Bəhs edəcəyim problem saytlarda özünü o dərəcədə qabarıq şəkildə büruzə verir ki, adam təngə gəlir. Və bunu təkcə mən demirəm...
Oxuduğum növbəti yazı bu məsələni qabartmağıma səbəb oldu. Saytlardan birində “YAP-dan Gülər Əhmədova ilə bağlı açıqlama” adlı xəbər yayımlanmışdı. Normal insan kimi vaxtımı sərf edib xəbəri oxumaqda məqsədim son vaxtlar gündəmi məşğul edən hadisə ilə bağlı rəsmi açıqlama ilə tanış olmaq idi. Ancaq bu dəfə də anormal bir vəziyyətlə qarşılaşdım. Necə deyərlər, yenə də saytın “tor”una düşdüm. Xəbərdə heç bir açıqlama-filan yox idi. Sadəcə, BAŞLIQ və XƏBƏR eyni deyildi. Adıçəkilən məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinin fikirlərinin öyrənilməsinə cəhd edilsə də, heç bir açıqlama bildirilməmiş, millət vəkilləri məsələdən bixəbər olduqlarını söyləmişdilər. (Həmin xəbər yayıldıqdan bir müddət sonra rəsmi açıqlama verildi.)
Elə buna görə də bəzi jurnalistlərin xəbəri oxutdurmaq üçün qurduqları “tələ”dən gileylənmək istəyirdim ki, yanımdakılar imkan vermədilər. Sən demə, onlar da mən dərddə imişlər. Dərdimizsə, həqiqətən, ağır dərddir... Aldanmaq, vaxtımızı oğurlatmaq! Hərə bir tərəfdən “Bəzi jurnalistlər “Yalançı çoban” nağılındakı obrazı xatırladırlar”, “Jurnalistlər xəbərlərə olan bütün inamımı itiriblər”, “Mən artıq bundan sonra bir neçə sayt qızıl da xırdalasa, açıb oxumayacağam”, “Dünən başlığı oxuyan kimi xəbərə baxdım, gördüm ki, yenə yanılmışam”, “Xəbərin adını görən kimi şığıdım ki, informasiyanı tam əldə edim, amma bu dəfə də tora düşdüm”, “3 saat televiziyanın qarşısından qalxmadım ki, görüm sonda anonsdakı xəbərdən nə deyəcəklər, verilişin vaxtı bitdi, elə bil heç belə anons-filan olmayıbmış” və s. deyib ürəklərini boşaltmağa çalışdılar. Onlardan biri isə daha da əsəbiləşərək “Dünən saytlardan birində gördüyüm xəbər diqqətimi cəlb etdi. Yazılıb ki, “Filankəsov Filankəs xaricdən qayıdıb”. İşlərim hədsiz çox olduğundan xəbəri oxumağa vaxtım yox idi. Amma daxilimdəki maraq məndən əl çəkmədi. Əgər ad və soyad yazmaqla kifayətləniblərsə, deməli, tanınmış insandır ki, əlavə sözə ehtiyac duymayıblar... Fikirləşdim ki, necə ola bilər axı, həmişə xəbərləri, xüsusilə siyasi xəbərləri oxuyan birisi kimi bu insanı tanımıram? Sonda söhbətin bir müğənnidən getdiyi bəlli oldu. Özü də bir o qədər də tanınmayan müğənni. İndi mənə cavab verin, xəbərin başlığına tanınmayan müğənninin adı və soyadı niyə verilir? O cümlənin qarşısına hansısa müğənni xaricdən gəlib yazmaq olmazdımı? Mən nəyə görə dəyərli vaxtımı maraq dairəmdə olmayan xəbərə sərf etməliyəm?” - deyib gileylənməyə başladı. Haqlı etirazdır, haqlı suallardır.
Razılaşarsınız ki, müasir dövrdə vaxt itkisi çoxumuzun ən ağrılı yeridir. KİV-də verilən xəbər başlıqlarının hadisəni əks etdirməməsi isə bizim vaxtımızı oğurlamaqla yanaşı, həm də həmin KİV-lərə, insanlara inamımızı itirir.
Televiziyada da reytinq xatirinə hazırlanan verilişlər az deyil. Proqramlar var ki, sanki tamaşaçıları intizarda saxlamaqla reytinq qazanacaqlarına ümid edirlər. Onlar hansısa xəbəri təkrar-təkar anons etsə də, nəticədə “Verilişimizin vaxtı sona çatdı”, - deməklə kifayətlənir, izləyicinin “intizar”ına son qoymaq haqqında qətiyyən düşünmürlər. Lakin dərk etmirlər ki, bu addımları ilə tamaşaçılarını itirir və nifrət qazanırlar. Bəli, insanları aldatmaq, zamanlarını oğurlamaq, hissləri ilə oynamaqla qazanılacaq şey yalnız nifrət ola bilər...
Doğrudur ki, vaxt hər şeyi həll edir. Yəni zamanla bu kimi kütləvi informasiya vasitələri güvəni əldən verməklə auditoriyasını itirəcək və sıradan çıxacaq... Amma hər halda bu kimi halların qarşısını almaq üçün artıq müəyyən addımlar atmağın da vaxtı yetişib. “Fırıldaqçılıqla reytinq qazanan” bəzi dırnaqarası jurnalislərin çalışdıqları KİV-lərə, onların rəhbərlərinə ən azından bir neçə dəfə xəbərdarlıq olunmalı, sonra isə daha ciddi addımlar atılmalıdır...