Payız və yaz fəsli həm də quşların köçü ilə yaddaşlara hopub. Durnalar bu mənada daha məhşurdur. Klassiklərimizdən tutmuş müasirlərimizə qədər ədəbiyyatda durnalara xeyli sayda xitab edən olub. Onların azad olmasına, köç etməsinə həsəd aparanlar da az olmayıb.
Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşı Sevinc Saruxanova
Modern.az-a açıqlamasında qeyd edib ki, havaların soyuması nəticəsində ölkəmizdən quşların köçü başlayıb. Onun sözlərinə görə yay vaxtı burada yuvalayan quşlar artıq cənuba doğru uçmağa başlayır. “Bunlar əsasən cənubdan bizə gələn dağ quşları, meşə quşları, durnalardır. Bu onların xüsusiyyətindən asılıdır. Getdikcə bizim qışımız onlara sərt gəldiyi üçün onlar da cənuba doğru uçmağa başlayır. Onlar yayda bizə əsasən cənubdan, Afrika ölkələrindən gələn quşlar indi geri qayıdırlar”.
S. Saruxanova qeyd edib ki, qışlamaq üçün Azərbaycana gələnlər isə oktyabrın axırlarından noyabrın əvvəllərindən köç etməyə başlayacaqlar. “Onda təşkilatımız tərəfindən də tədbirlər keçiriləcək, quşların müşahidəsi aparılacaq. Bundan əlavə, təşkilatın tədqiqatçıları qış köçünü öyrənmək üçün bütün Azərbaycan üzrə monitorinqlərə başlayacaq. Bu monitorinq qış aylarında hardasa noyabrın axırından başlayaraq fevral ayına qədər aparılacaq”.
Koordinator bildirib ki, qış fəslində ölkəmizə əsasən su bataqlıq quşları gəlir. “Bunlar müxtəlif ördəklər, qitanlar, qu quşları, qazlar və s.-dir. Onlar bizə şimaldan, məsələn, Şimali Avropa ölkələrindən Rusiyadan gələcək”.
S. Saruxanova həmçinin qeyd edib ki, əgər qış bu il də keçən ilki kimi sərt keçsə, onda ölkəmizə daha çox quş köçü olacaq. Onun sözlərinə görə hər il apardıqları monitorinqin nəticələrinə əsasən Azərbaycana quş köçü keçən il əvvəlki illərdən xeyli çox olub.
“Oktyabrın 6-7-si bütün Avropada “Avropa quşlarının müşahidə günü” başlayır. Quşların köçü, miqrasiyası dövrü də həmin vaxtdan başlayır. Azərbaycan da bu tədbirə qoşulacaq. Bunun nəticəsində oktyabrın 7-də Abşeron Milli Parkına ekskursiya planlaşdırırıq. Orada quşların müşahidəsini aparacağıq. Daha sonra hər həftə sonları ekskursiyalar aparmağı davam edəcəyik və əldə edilən nəticəni İngiltərəyə göndərəcəyik. Orada “World Wide” təşkilatı öz saytlarında da bizim nəticələri göstərəcəklər”.
Aytən Əliyeva