Modern.az

Məhkəmə Nigar Yaqublunu ev dustaqlığına buraxmadı

Məhkəmə Nigar Yaqublunu ev dustaqlığına buraxmadı

Təhsil

27 Sentyabr 2012, 17:57

Modern.az–ın  məlumatına görə, Musavat Partiyasının fəal üzvü Nigar Yaqublunun məhkəməsi davam edir. Bu gün qapalı keçən məhkəməyə Nigar Yaqublunun özü gətirilməyib.  

Nigar Yaqublunun atası Tofiq Yaqublunun sözlərinə görə, vəkili ərizə ilə göstərmişdi ki, Nigar Yaqublunun özü məhkəmədə iştirak etməlidir. Amma onun məhkəmədə iştirakını təmin etməyiblər. T.Yaqublu onu da bildirib ki, altı vəkilin iştirakı ilə məhkəmə prosesi davam edir:

“Siyasi partiya sədrlərindən İqbal Ağazadə və Fazil Mustafa dünəndən telefon zəngi edib məhkəmə işi ilə maraqlanırlar. Amma mən bildirdim ki, məhkəmə qapalı olduğundan gəlməyə ehtiyac yoxdur. Məhkəmə qapalı olduğundan ancaq vəkilin iştirakına icazə verdilər. Amma sonrakı məhkəmə açıq olacaq və istəyən hər kəs məhkəmədə iştirak edə biləcək”.

Qızı ilə görüşməyinə icazə aldıqlarını söyləyən Tofiq Yaqublu bildirib ki, sabah anası və bacısı Nigarı ziyarət edəcək.

Xatırladaq ki, Nigar Yaqublunun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin maddə ilə ittiham olunanlar 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

****

Modern.az–ın  məlumatına görə, Musavat Partiyasının fəal üzvü Nigar Yaqublunun sentyabrın 27-də keçirilən məhkəməsi başa çatıb.

Qapalı keçən məhkəmə Nigar Yaqublu haqqında çıxarılan iki aylıq həbs-qəti imkan tədbiri barəsə qərarı qüvvədə saxlayıb.

N.Yaqublunun vəkili Osman Kazımlının dediyinə görə, ev dustaqlığı ilə bağlı qərar qəbul olunmayıb. Vəkil onu da bildirib ki, məhkəmədə də ancaq bu məsələ müzakirə olunurmuş:

“Prokurorluq öz fikrində qaldı ki, azadlığa buraxılarsa, məsuliyyətdən yayına bilər”.

Qeyd edək ki, Nigar Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı Abşeron Rayon Məhkəməsi də vəsatəti təmin etməmişdi.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi