Deputatlar: “Vaxtı çatanda bu məsələni qaldırmaq olar”
Milli Məclisin üzvü Gülər Əhmədovanın məlum videoqalmaqalı siyasi müstəvidə müxtəlif aspektlərdən şərh edilməkdədir. Gündəmdə böyük rezonans doğuran olaya rəsmi dairələrdən tutmuş millət vəkillərinə kimi müxtəlif təbəqələrdə münasibət bildirilib.
Milli Məclisin oktyabrın 1-də fəaliyyətə başlayacaq payız sessiyasında da Gülər Əhmədova məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bir sıra millət vəkilləri Gülər Əhmədovanı müdafiəsinə qalxsalar da, digərləri Baş Prokurorluğun rəyindən sonra öz fikirlərini açıqlayacaqlarını vurğulayıblar.
Milli Məclisin 1 oktyabr iclasında Gülər Əhmədova ilə əlaqədar qalmaqal müzakirəyə çıxarılacaqmı?
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deputat həmkarı haqda məsələnin hazırki durumda parlamentdə qaldırılmasını doğru hesab etmir. Deputatın sözlərinə görə, Baş Prokurorluq müraciətə hüquqi rəy verdikdən sonra Milli Məclisdə bu məsələ qaldırılmalıdır.
“Mən bu sessiyada iştirak etməyəcəm. Güman etmirəm ki, Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılsın. Hesab edirəm ki, bizim millət vəkilləri də kifayət qədər təcrübəli insanlardır. Məsələyə hüquqi qiymət verilmədən bunu parlamentdə qaldırmaq düzgün olmazdı. Öncə hüquq-mühafizə orqanları həmin videonun doğru olub-olmadığını araşdırmalıdırlar. Düşünürəm ki, hüquqi rəy verildikdən sonra parlamentdə bu məsələyə baxıla bilər”, - deyə F.Mustafa bildirib.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da Gülər Əhmədova ətrafında formalaşan söz-söhbətlərin şişirdilməsinin əleyhinədir.
“Mən bir millət vəkili olaraq Milli Məclisin payız sessiyasında bu məsələni qaldırmaq niyyətində deyiləm. İndi fakt araşdırılır. Hüquqi qiymət verilmədən düşünürəm ki, bunu parlamentdə geniş müzakirəyə çıxarmaq yalnışlıq olardı. Vaxtı çatanda lazım olarsa, münasibət bildirərik”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də hesab edir ki, hələlik bu haqda danışmaq doğru deyil.
“Hər şey rəsmi məlumat veriləndən sonra aşkara çıxacaq. Hazırda biz Baş Prokurorluqdan rəsmi mövqe gözləyirik. Məsələ ətrafında müxtəlif söz-söhbətlər gedir. Rəsmi cavabı gözləmək lazımdır. Bundan sonra məsələnin parlamendə qaldırılmasına baxılacaq”, - deyə İ.Ağazadə vurğulayıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də Baş Prokurorluqdan cavab gözlədiyini bildirib. Onun sözlərinə görə, Gülər Əhmədova ilə əlaqədar məsələyə rəsmi rəydən sonra parlamentdə münasibət bildiriləcək.
Anar RÜSTƏMOV