Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq üçün Gənclər və İdman Nazirliyi “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” adlı sərgi təşkil edəcək. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib. Onun sözlərinə görə, sərgi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9 yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi) icrası məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Bakı şəhərində” keçiriləcək.
Q.Mehdiyev bildirib ki, sərgidə hər bir təşkilat ücün 9 kv.m sahə ayrılacaq və ayrılmış sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və sərginin ziyarətçiləri ilə birbaşa ünsiyyətdə olacaqlar. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.