Modern.az saytının xəbərinə görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) qəzet redaksiyalarına məktub göndərilib və məktubda hər bir redaksiyada işləyən jurnalistlər barədə məlumat istənilib.
Modern.az saytına açıqlamasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli burada heç də təəccüblü bir şey olmadığını deyib. O qeyd edib ki, qəzet redaksiyalarına göndərilən məktubda sualın hansı məqsədlə verildiyi açıq qeyd edilib.
“Biz İnformasiya Bankı yaradırıq. Redaksiyalara göndərdiyimiz məktubda da bunu açıq şəkildə bildirmişik. Redaksiyalarda nə qədər jurnalistin çalışdığını və onların neçəsinin ixtisaslaşmış olduğunu öyrənirik. Yəni kadr potensialını öyrənmək məqsədilə monitorinq aparırıq”.
Məsələnin həm də evsiz jurnalistlər üçün tikilən yaşayış binası ilə bağlı olduğuna gəlincə, V.Səfərli bildirib ki, “evlə bağlı ayrıca elan veriləcək və o zaman da jurnalistlər müraciət edəcəklər”.
Aytən ƏLİYEVA