Modern.az

Rəhim Rəhimli, yoxsa Rəhim Hüseynov?

Rəhim Rəhimli, yoxsa Rəhim Hüseynov?

28 Sentyabr 2012, 15:45

Fikrət Şiriyev
Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent

Bakı Dövlət Universitetində dünya ölkələrinin çoxunda tanınan bir alim işləyirdi. Azərbaycan  astrofizika elminin təməlini qoyanlardan birincisi, həqiqətən böyük ziyalı, təvazökar insan idi Rəhim müəllim. AMEA-nın müxbir üzvü, professor, neçə-neçə dəyərli kitabın müəllifi, elmi kəşflərindən dünya rəsədxanalarında ehtiramla istifadə olunan, onlarla alim yetişdirən, 50 ilə yaxın universitet auitoriyalarında mühazirə oxuyan Rəhim Hüseynov bu yaxınlarda rəhmətə getdi. Görəsən Azərbaycanda nə qədər adam bildi  bu  müdhiş xəbəri? Küçədə soruşsan, neçə nəfər professor Rəhim Hüseynovu tanıyar? Bəs Rəhim Rəhimlini, Cəmiləni, Aygün Kazımovanı nə qədər tanıyırlar? Hansısa “xalq artisti”nin barmağına tikan batanda, bacısı qızı avtomobil qəzasına düşəndə bütün respublika xəbərdar olur, “bir azdan” ultimatiumu “ürəkləri titrədir”,ancaq bu boyda alim,dünya şöhrətli professor həyatdan köçdü, heç kəs bilmədi. Bəs “alim öldü, aləm öldü” deyirdilər, nə oldu? Aləm öldümü? Mən aləm deyəndə  laqeydliyə adət etmişləri nəzərdə tuturam. Cəmiyyətdə əmələ gələn biganəliyi nəzərdə tuturam. Əgər problem yalnız tanınmayan  Rəhim müəllimlə, yaxud məhşur Rəhim Rəhimli ilə bitsəydi, bu məsələni heç açıb-ağartmazdıq. Ancaq elə yalnız bizim universitetdə onlarla, bəlkə də yüzlərlə çox dəyərli  alimlər var ki, onların ictimaiyyət tərəfindən tanınmaması, hesab edirəm ki, hamımızın günahıdır. Bir dəfə həmin məhşur müğənnilərdən birinin prodüseri ilə söhbət edirdim. Soruşdum ki, niyə yarım saatlıq toy aparmağa 4-5 min pul tələb edirsiniz? Bu hansı meyarla ölçülür? Cavab verdi ki, onun əziyyətinə görə: Bir mahnıya görə bilirsiniz nə qədər məşq edir, oranjiman etdirir, bütün günü toya hazırlaşır,zəhmət çəkir?”

Düşündüm,görəsən həmin müğənni də, bizim alimlər kimi, 10 il orta məktəbdə, 5 il universitetdə, 3 il aspiranturada, sonra da dissertasiya işlərinə görə illərlə kitabxanalarda (özü də hamıdan artıq, hamıdan yaxşı)  oxuyub, indi də yarım saatlıq yox, saat yarımlıq mühazirədən əvvəl günlərlə, saatlarla kitabxanalarda hazırlaşsaydı, nə qədər pul istəyərdi? Nəzərə alsaq ki, həmin müğənni bizim alimlərdən fərqli olaraq, bir dəfə oranjiman etdirib yazdırdığı mahnını dəfələrlə fonoqramma kimi oxuda bilir,alim isə 10 illərlə hər dəfə yeni, müasir bilgilərlə zənginləşdirilmiş dərs hazırlayır və onu “canlı” “ifa edir”, bu zaman bir neçə ritorik sual yaranır: Alim neçə ay, yaxud neçə il mühazirə oxumalıdır ki, yarım saatlıq “oxumağa” uyğun pul ala bilsin? Bu məsələnin maddi tərəfi bir yana dursun, bəs cəmiyyət niyə alimi müğənni qədər tanımır? Niyə “Yeni ulduz” yarışmasına ərizə verənlərin sayı universitetin doktoranturasına sənəd verənlərin sayından 10 dəfələrlə çox olur? Universiteti yaxşı oxuyub bitirənlər niyə dükanda telefon satmağı, yaxud internet klublarda işləməyi universitetdə qalıb müəllim işləməkdən üstün tuturlar? On illərlə yaranmış elmi məktəblərin, ənənələrin estafeti qırılacaqmı? 20-30 ildən sonra müəllimləri də Çindən gətirib “Kitayski alimlərin” umuduna qalacağıqmı?

Əslində, mənim artistlərin qazancı və şöhrəti ilə işim yoxdur. Halal xoşları olsun. Bilirəm ki, bütün dünyada şou-biznez əhli böyük pullar qazanıb tanınmış olurlar.Ancaq onu da bilirəm ki, alimin,müəllimin onlara uyğun hörməti, qazancı var. Mən sevimli aktyorumuz Yaşar Nuri haqda bir yazı hazırlamaqçün internetdə sorğu verdim. Demə, Türkiyədə elə bu ad-soyadda bir alim var, həmən Yaşar Nuri haqda o qədər məlumat çıxdı ki, bizim  alimləri şöhrəti ilə kölgədə qoyan aktyorumuz onun kölgəsində qaldı. Demə, bu alimi həftədə bir yol TV-lərə çağırıb fikirlərini dinləyir, xalqın suallarına cavab istəyirlər, həm alimin hörmətini, həm də camaatın intellekt səviyyəsini təmin edirlər. Özü də tək Yaşar Nuri ilə iş bitmir, bütün səviyyəli alimlərə münasibət təxminən belədir.

Burda yadıma hörmətli dostumuz, professor Ağavəli İbrahimovun başına gələn bir əhvalat düşdü. Hansısa bayramda bir avtobus tanınmış adam sərhəd bölgəsinə əsgərlərlə görüşə gedib. Ağavəli müəllim deyir ki,hərbi hissəyə yaxınlaşanda özümü səliqəyə saldım, qalstukumu düzəltdim ki, indi uşaqlar məni görən kimi dövrəyə alacaqlar, şəkil çəkdirəcəklər və s. Zarafat deyil, onlar məni kimi dünyanın tanıdığı alimi, 20 il BDU-nun Biologiya fakültəsinin dekanı olmuş əməkdar müəllimi, 30 ilin professorunu harda yaxından görüblər? Bu həvəslə avtobusdan lap əvvəldə düşdüm, əsgərlər qabağıma qaçıb ilk suallarını verənə qədər fərəhdən uçurdum: ”Dayı, deyirlər Rəqsanə də sizinlə gəlib, düzdür?”.
Məşədi İbadın sözü olmasın, mənə “dayı” deməkləri az imiş kimi, Rəqsanəni əhatəyə aldılar, şəkil çəkdirən kim, avtoqraf alan kim, biz heç yada düşmədik...

Nə isə... Rəhim Rəhimlini, yoxsa Rəhim Hüseynovu daha yaxşı tanımalıyıq? Bəlkə mən səhv edirəm?...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu