Modern.az

Gülər Əhmədova deputat mandatından imtina etdi - YENİLƏNİB

Gülər Əhmədova deputat mandatından imtina etdi - YENİLƏNİB

Parlament

28 Sentyabr 2012, 19:10

34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, Gülər Əhmədova ərizəsində məlum videomaterialı əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.

O, G.Əhmədovanın ərizəsinə Milli Məcliin oktyabrın 1-də keçiriləcək plenar iclasında baxılacağını deyib.

Milli Məclisin mətbuat xidməti Gülər Əhmədovanın spiker Oqtay Əsədova ünvanladığı müraciətin mətnini yayıb.

G.Əhmədova məktubunda bildirib ki, sentyabrın 25-də bir sıra kütləvi informasiya vasitələrində  Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən guya deputat seçilməsi üçün Gülər Əhmədovaya külli miqdarda pul verməsi barədə video-görüntülər yayımlanıb. Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Deputat hesab edir ki, istintaq orqanı bu məsələni araşdıraraq obyektiv həqiqəti və günahkar şəxsləri üzə çıxaracaq. Bununla belə, KİV-də yayılmış məlumat ictimaiyyət arasında rezonans yaratmış, bəzi dairələrdə müzakirələrə səbəb olub.

Məktub müəllifi qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə o, belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Maraqlı qüvvələr isə bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəklər.
Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş edib
G.Əhmədova bildirib ki, destruktiv qüvvələr bu məsələdən bəhrələnərək demokratik və şəffaf seçkilər əsasında formalaşmış Milli Məclisin legitimliyini şübhə altına almağa çalışıblar.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar  deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib.

Gülər Əhmədova barədə qalmaqallı videçəkilişi keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yayıb. Həmin videomaterialda Gülər Əhmədova Elşad Abdullayevdən deputat seçilməsinin müqabilində 1 milyon manat rüşvət istəyir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım