Sabah ATƏT-in Minsk qrupunun Avstriyanın paytaxtı Vyanada qapalı iclası keçiriləcək. İclasda həmsədr ölkələr - ABŞ, Rusiya və Fransanın nümayəndə heyəti iştirak edəcək. Minsk qrupunun iclasından əvvəl Paşinyanın Fransaya səfəri bir çox suallar ortaya qoyur. Müzakirələr zamanı Fransanın mövqeyi, həmsədrlərin təklifləri, qərarları nə olacaq və bunlar Azərbaycan üçün önəmlidirmi?
Politoloq Elman Vəliyev Modern.az-a açıqlamasında bu sualları cavablandırıb. Onun sözlərinə görə, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iclasdan əvvəl yenə Qərbə üz tutması bəzi pərdəarxası məqamlardan xəbər verir:
“Paşinyan bu proseslərə Qərbi də daxil etməyə çalışır. Qərb səfərində bildirdilər ki, Rusiyanın vasitəçiliyi ilə münasibətləri nizamlamaq adı altında yaradılan komissiyanın fəaliyyətini dayandırsın. Beləliklə deyə bilərik ki, Ermənistan proseslərdə təkcə Rusiyanın iştirak etməsini istəmir. Ermənistan tərəfi təhrikə gedərək danışıqları ləngitdikdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə telefon danışığı edib. Mişel Ermənistanla danışıqlarda, konfliktin həll yollarının müzakirəsində vasitəçi olmağı təklif edib. Biz burda hadisələrin zəncirvari formada davam etdiyini deyə bilərik. Sonrakı addımlar əvvəlki addımların məqsədini aşkara çıxardır. Rusiya çalışdı ki, münaqişəni yalnız özü həll etsin, amma görünən odur ki, buna nail olmaqda çətinlik çəkir. İlk olaraq bu məsələyə Türkiyə qarışdı, daha sonra isə Qərb də proseslərdən kənarda durmamağa cəhd etdi və hələ də edir”.
E.Vəliyev həmçinin sabah keçiriləcək iclasda həmsədrlərin mövqeylərinə də toxunub:
“Vyanada Minsk qrupunun iclas keçiriləcəyi bildirilir. Fransanın mövqeyi bəllidir. Azərbaycan tərəfinə təzyiq etməklə, Ermənistanı müdafiə etməkdə davam edir. Paşinyanın Fransa səfərində Fransanı Ermənistanın ən yaxın müttəfiqi adlandırması Fransa üçün bir üstünlük oldu. Fransa yaxşı bilir ki, bölgədən pay almaqda çox çətinliklər çəkəcək. Azərbaycan tərəfinin nifrətini qazanıb, eyni zamanda Rusiya ilə də münasibətləri korlayıb. Tək alternativ kimi, Ermənsitanın Qərbi də bölgəyə cəlb etməyə çalışmasını dəyərləndirməkdir ki, Minsk qrupunun bu dəfəki iclası da bununla bağlıdır. Əsas məsələ Ermənistan tərəfinin problemin həllində Minsk qrupunun da yer alması müraciətidir. Bu müraciət Qərb üçün bir şans oldu. Avropa İttifaqının da bölgəyə cəlb olunması masaya qoyulacaq. Bu cəlb etmə danışıqlar komissiyası formatında ola bilər, yoxsa başqa sülhməramlılara da yer verilməsi qeyri-realdır”.
Proseslərin həllində Qərbin bu qədər narahat olma səbəbləri də fərqlidir:
“Qərb hadisələrdən təcrid olundu, Qarabağdan gəlir əldə edə bilməmək şansları da var. Digər yandan beynəlxalq səviyyədə olan, böyük əməkdaşlıqlara yol açan, eyni zamanda gəlirli olan dəhlizin mühafizəsini Rusiyanın təmin etməsi fikirləri də bu narahatlığı daha da artırır. Bu səylərə baxmayaraq Qərb böyük üstünlüklər qazana bilməyəcək. Rusiya tərəfi Qərbin əl-qolunun bölgədə çox uzanmasına maneə olmağa çalışacaq. Amma Paşinyanın bu hərəkətləri Rusiyanın heç də xoşuna getməyəcək. Paşinyan anlamalıdır ki, əsas söz sahibi Rusiyadır. Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, konflikti dərinləşdirəcək, Azərbaycanın əleyhinə gedəcək situasiyalar az olacaq”.
Aysel Məhərrəm