Modern.az

Dövlət Qulluğu Komissiyasından kollec bitirən məzunlara pis xəbər

Dövlət Qulluğu Komissiyasından kollec bitirən məzunlara pis xəbər

1 Oktyabr 2012, 11:19

Bu yaxınlarda Modern.az saytında Prezident Administrasiyasının yerli icra hakimiyyətlərinə göndərdiyi daxili sərəncamla icra strukturlarında, habelə şəhər, qəsəbə, kənd ərazi icra nümayəndəliklərinin rəhbərliyində olan orta ixtisas təhsilli şəxslərin işdən dərhal azad edilməsi göstərişi verildiyi barədə məlumat getmişdi. Bəs həmin şəxslərin yerinə seçim necə aparılacaq?

Dövlət Qulluğu Məsələləri Komissiyası (DQMK) işə qəbul apararkən bunlar nəzərə alınacaq?

Məsələ ilə bağlı Modern.az saytı ilə fikirlərini bölüşən DQMK-nın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib ki, hər hansı dövlət qurumunda, o cümlədən yerli icra  hakimiyyəti orqanlarında vakant vəzifələr olduğu halda həmin vəzifələrin tutulması ilə bağlı müsahibə aparılmalıdır.

Kolleci bitirənlərin dövlət qulluğunda işləyib-işləməməsinə gəlincə, V.Əsgərov qeyd edib ki, ali təhsili olmayan şəxslərin vakant dövlət qulluğu üzrə inzibati vəzifələrin tutulması ilə bağlı müsabiqə və müsahibələrdə iştirak etmək hüquqları yoxdur. Onun sözlərinə görə, kolleci bitirən şəxslər dövlət qulluğunda olan yardımçı, texniki vəzifələrin tutulması üçün həmin vakant vəzifənin olduğu dövlət orqanına özləri müraciət edə bilərlər. 

V.Əsgərov eyni zamanda dövlət qulluğuna qəbul aparılarkən vətəndaşın özəl və ya dövlət ali təhsil müəssisəsində oxumasına fərq qoyulmadığını vurğulayıb.

“Bu qanunvericiliklə də tənzimlənir və ümumiyyətlə dövlət qulluğuna qəbulda vətəndaşın özəl və ya dövlət ali təhsil müəssisəsini bitirməsi ilə bağlı heç bir fərq qoyulmur”.

Eyni zamanda sektor müdiri Türkiyə və ya digər xarici ölkələrdə ali təhsil almış şəxslərin dövlət qulluğuna qəbulunda heç bir məhdudiyyət tətbiq edilmədiyini vurğulayıb.

“Əgər həmin şəxslərin diplomları Təhsil Nazirliyində ratifikasiya olunubsa, bu halda onlar gəlib digər vətəndaşlarımız kimi müsahibə və ya müsabiqələrdə iştirak edə bilərlər. Yəni onlarla bağlı heç bir məhdudiyyət tətbiq olunmur və belə bir hal da nəzərdə tutulmayıb.

Hətta qanunvericilikdə nəzərdə tutulub ki, 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqədə iştirak etmədən dövlət qulluğunda inzibati vəzifələrə təyin edilə bilərlər”.  

V.Əsgərov eyni zamanda qeyd edib ki, əgər orta ixtisas təhsilli vətəndaş 2001-ci ildən əvvəl, yəni “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə mindiyi gündən öncə dövlət qulluğu vəzifəsini tutubsa və hazırda orada işləyirsə, işini davam etdirə bilər.

“Yəni onun ali təhsil tələbini əsas göstərərək dövlət qulluğu vəzifəsinə xitam verə bilməzlər”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir