“Zaur Qurbanlı hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır”. Bunu Modern.az-a Nida Vətəndaş Hərəkatı idarə heyəti üzvü Rəşad Həsənov bildirib. R. Həsənovun sözlərinə görə, bu gün vəkil Əsabəli Mustafayev Z. Qurbanlı ilə görüşəcək.
N!DA VH-nın üzvləri bildirirlər ki, Zaur Qurbanlının həbsinə onun yazdığı yazılar səbəb olub.
Qeyd edək ki, 29 sentyabr saat 12:00 radələrində N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, blogger Zaur Qurbanlı bir ədəd notebook və 8000 (səkkiz min) ədəd broşura ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Z. Qurbanlı yaşadığı evin önündə saxlanılıb, saxladıldıqdan sonra evində axtarış aparılıb.
Daxili İşlər Nazirliyi "NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlının saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-a bildirib ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.
O. Mansurzadə, həmçinin bildirib ki, Z. Qurbanlının iş yerində aparılan axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar aşkar edilərək götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır.
Modern.az