Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin növbəti toplantısı keçirilib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Elnur Quliyev İdarə heyətinə, Əlizamin Məhiyev, Nəsib Cəfərov, Nazim Xəlilov, Vüqar Musayev Ali Məclisə üzv seçiliblər, İmişli rayonunun yeni seçilmiş sədri Ağasəlim Hadıyevin səlahiyyətləri təsdiq edilib, Emel Süpürürün QAT-ın Türkiyə təmsilçisi, Barat İmaninin Rusiya təmsilçisi təyin olunmaları ilə bağlı QAT sədrinin sərəncamları təsdiq edilib. İclasda QAT-ın növbəti IV qurultayının keçirilməsi ilə bağlı məsələyə də baxılıb, qurultayın 2013-cü ilin may ayında keçirilməsi qərara alınıb və Təşkilat komitəsi yaradılıb. QAT sədri Akif Nağı İdarə heyətinin hesabat dövrü ərzində gördüyü işlər haqda məlumat verib, həmçinin Şəki və Sumqayıt şöbələrinin hesabatları dinlənilib.
Sonra QAT sədri hazırkı vəziyyət və qarşıda dayanan vəzifələrlə bağlı məruzə edib, geniş müzakirələrdən sonra qərarlar qəbul olunub. Qərarda Qarabağ Azadlıq Təşkilatının işğalçı Ermənistana qarşı müharibənin zəruriliyinə dair təbliğatının gücləndirilməsi, cəmiyyətdə Qarabağla bağlı vahid mövqenin formalaşdırılması istiqamətində səylərin artırılması, Qarabağ məsələsi ilə bağlı Azərbaycanla Türkiyə arasında daha konkret əməkdaşlıq münasibətlərinin yaranmasına nail olunması və digər məsələlər əks olunub.