Modern.az

Elmira Axundova parlamentdən səsləndi: "...bu bizim ayıbımız və üz qaramızdır!”

Elmira Axundova parlamentdən səsləndi: "...bu bizim ayıbımız və üz qaramızdır!”

1 Oktyabr 2012, 16:41

Milli Məclisin oktyabrın 1-də keçirilən iclasında millət vəkili Elmira Axundova payız sessiyasında təhsil prosesinin müxtəlif pillələri ilə bağlı daha çox qanun layihəsi görmək istədiyini deyib.

“Xüsusən də məktəbəqədər, orta və texniki-peşə təhsili sahəsində. Düşünürəm ki, bu qanunların yubanması təhsil sahəsində hal-hazırda həyata keçirilməkdə olan və gələcəkdə də davam etdiriləcək islahatları əngəlləyən faktorlardan biridir”.

Deputat təklif edib ki, Milli Məclis tərəfindən son illər qəbul edilən qanunların icrası məsələsi payız sessiyasının gündəliyinə daxil edilməlidir.

“Heç kəsə sir deyildir ki, əsasən təşkilati və korporativ maraqlara toxunan qanunlar tez və operativ şəkildə icra olunur. Bununla belə sosial-iqtisadi, ekoloji, ictimai sahəyə aid olan bir sıra qanunlar həddən çox ləng icra edilir. Məsələn, keçmiş məhbusların sosial reabilitasiyası haqqında qanun. Bu qanunun prezident tərəfindən imzalanmasından 4 il ötməsinə baxmayaraq qanunda nəzərdə tutulduğu kimi bu qrup vətəndaşlar üçün bir dənə də olsun sosial reabilitasiyası mərkəzi hələ də yaradılmayıb. Halbuki sosial reabilitasiya mərkəzlərinin yaradılması həmin qanunun əsas özəyi idi. Tibbi sığorta haqqında qanunun imzalanmasından 5 il ötməsinə baxmayaraq bu istiqamətdə də heç bir iş görülməmişdir”.

Deputat deyib ki, parlamentin yaz sessiyasında “İstehsalat və məişət tullantıları” haqqında Qanuna, həmçinin nəzərdə tutulmamış yerlərə zibil tullantıları atmağa görə cərimələrin həcminin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Həmin dəyişikliyə görə zibil qutuları 100 metrdən bir yerləşdirilməlidir, bunu icra etməyən vəzifəli şəxslər isə cərimə olunmalıdırlar. “Çox yaxşı dəyişikliklərdir, amma dəyişən heç bir şey yoxdur. 

Əgər bu dəyişikliklərin icrasına bu gün başlasaq gərək ölkə əhalisinin yarısını və bu tullantıların toplanması və daşınmasına cavabdeh olan icra hakimiyyəti və bələdiyyə məmurlarının hamısını cərimə edək. Üstəlik “Təmiz şəhər” ASC mövcuddur ki, bu məsələlər onun da səlahiyyətinə daxildir. Tam məsuliyyətlə deyə bilərəm: hələ ki, heç bir şəhər strukturu öz vəzifəsinin öhdəsindən gələ bilmir.  Abşeron  qəsəbələri – Buzovna, Şüvəlan, Zaqulba, Pirşağı və digərləri -  həmçinin gözəl dənizimizin sahil boyu ictimai çimərlikləri də tullantılarla zibillənib. Qəsəbələrin heç birində zibil qutuları yoxdur, demək olar ki, zibil konteynerləri mövcud deyildir,  olanlar isə həftələrlə təmizlənmir. Gözəl şəhərimiz Bakının özündə də müasir zibil qutuları hələ də quraşdırılmayıb və sakinlər siqaret kötüklərini və dondurma qablarını atmağa yer tapmırlar. Sahil boyunca nəhəng zibil yığınları, dənizin və şəhərin üzərində uçuşan, ağaclardan asılı qalan polietilen paketlər – bu bizim ayıbımız və üz qaramızdır!”.

Bunları nəzərə alan E.Axundova təklif edib ki, parlament qəbul etdiyi qanunların icrasının keyfiyyətini müzakirə etmək üçün nazirlərin, icra hakimiyyəti başçılarının, iri bələdiyyə rəhbərlərinin iştirakı ilə xüsusi iclaslar təşkil etməlidir.

“Bu tədbir qanunverici və icra hakimiyyətinin əhali arasında hörmət və nüfuzunun qorunması üçün çox vacib bir məsələdir. Həmin tədbirlər sayəsində bu və ya digər icra hakimiyyəti orqanına öz iradımızı ünvanlaya, bu və ya digər qanunun icra olunmaması və ya yetərincə icra olunmamasının səbəbini öyrənə biləcəyik. Nəticədə vacib qanunların icra olunmasına məsul olan icra hakimiyyəti orqanlarının məsələ ilə bağlı məsuliyyəti artmış olacaq.

Doğrudur qanunların icrasına nəzarət Milli Məclisin səlahiyyəti daxilində deyil. Lakin Parlament icra strukturlarından hesabat tələb edə, ictimai dinləmələr təşkil edə bilər. Nəzərə almaq lazımdır ki, qanunların icrası daima ictimaiyyətin diqqət mərkəzindədir.

Əgər ölkə başçımız tərəfindən imzalanan qanunlara qarşı olan bu cür münasibət davam edəcəksə, icra və qanunverici hakimiyyəti orqanlarının hörməti düşməkdə davam edəcək. Görüşlərim zamanı bu barədə mənə seçicilərim dəfələrlə bildiriblər və biz xalqın səsinə qulaq verməliyik.

Xahiş edirəm mənim tərəfimdən qaldırılmış bu məsələ payız sessiyasının gündəliyinə daxil edilsin”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi