“Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizənin yazılmış və bir sıra hallarda yazılmamış qanunları mövcuddur və on illər ərzində siyasətdə olanlar bunu bilirlər. Ən başlıca məqam odur ki, iqtidara gəlmək istəyən qüvvə müəyyən oyun qaydalarını tanımalı, fəaliyyəti üçün çərçivə prinsiplərini gözləməli və ona əməl etməlidir”. Bunu Modern.az-a açıqlamasında deputat Zahid Oruc bildirib.
“Əks halda özü irəliyə gətirdiyi tezislərin hədəfinə çevrilə və qurbanı ola bilər. İş ondadır ki, son hadisələr fonunda Azərbaycan müxalifətinin ideya və siyasi cəhətdən özünü dirçəlmiş sayması, bunu hakimiyyətin, onun ayrı-ayrı qollarının gözdən salınması üçün əlverişli fürsət kimi dəyərləndirməsi başa düşüləndir. Həmin sənədlər üzərində gəzişmələr edərək, hər bir məqamı təbliğat alətinə çevirmək və bu əsnada iqtidarla barrikada qaydasında savaşmaq hətta bir mübarizə halı və vəziyyəti kimi tamaşaçılarda qeyri-adi təəssürat doğurmazdı. Amma bunlar söylədiyim kimi hansısa bir bəyanatlarda, siyasi fikirlərdə, şərhlərdə üslub xətalarına, məsuliyyət yaradacaq ittihamlara səbəb olmamalıdır”, – deyə Z. Oruc bildirib.
Zahid Oruc deyib ki, AXCP sədri Əli Kərimlini heç bir fakta əsaslanmadan Azərbaycanın dövlət rəhbərini atəşkəsin pozulması ilə əlaqəli Ermənistan rəhbərliyi ilə sövdələşmədə qınaması yolverilməzdir:
“Guya Hillari Klintonun səfəri öncəsi atəşkəsin pozulması, bilavasitə Azərbaycanın layihəsi olub və başlıca məqsəd də Klintonu demokratiya, insan haqlarından danışmaqdan vaz keçdirmək üçün Qarabağda belə həmlələr və tələlər qurulur. Halbuki, Ermənistan rəhbərliyinə qarşı ən amansız, güzəştsiz mövqeyi Azərbaycanın dövlət başçısı tutub. Qarabağ danışıqlarındakı prosesin məsuliyyəti və gərginliyi, onun çətinliyi də Azərbaycanın iradəsini orada qoymağı da məhz bu dövlətin lideri və onun Ali Baş Komandanı eləyib. Əli Kərimli bilməlidir ki, əgər ona qarşı məhkəmə davası açılmış olsa, dərhal başladacaqlar ki, müxalifətin ən aparıcı qüvvəsinin, prezident seçkiləri öncəsi böyük gücü daşıyan üzvünü sındırırlar, sıradan çıxarırlar. Axı bütün bu fəaliyyəti onlar özləri aparırlar, nəticəni sanki onlar yaradırlar və siyasi münasibətlər sistemindəki gərginliyi özləri bərqərar eləyirlər. Sonra isə onlara qarşı olan davanı siyasi müxalifətin tərkisilah edilməsi və ölkədən yox edilməsi kimi dəyərləndirirlər. Bunu onlar üçün çox bağışlanmaz səhv sayıram, kəskin hiddət və etirazımı bildirirəm. Əli Kərimli özündə minimum siyasi səriştə və təpər hiss edirsə, buna görə dövlət başçısından üzr istəməlidir”.
Modern.az