Gürcüstanda keçirilən parlament seçkilərinin “exit-poll” nəticələri açıqlanıb. Modern.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, 3 ayrı-ayrı təşkilatın keçirdiyi “exit-poll”un nəticələri hakim “Milli Hərəkat” üçün ürəkaçan deyil. ABŞ-ın “Edisson Research” təşkilatının açıqladığı nəticələrə görə, müxalif “Gürcü arzusu” 51 faiz, Saakaşvilinin “Milli Hərəkatı” 41 faiz, “Xristian demokratlar” 4 faiz, digər partiyalar isə ümumilikdə 3 faiz səs qazanıb.
Almaniyanın GFK təşkilatı isə bildirir ki, “Gürcü arzusu”na 35 faiz, Saakaşvilinin “Milli Hərəkatı”na 30 faiz, “Xristian demokratlar”a 1,36 faiz səs verilib. Respondentlərin 32 faizi ümumiyyətlə seçkilərdə kimə səs verdiyini açıqlamaq istəməyib.
Yuxarıda qeyd edilən təşkilatlardan fərqli olaraq “Gürcü arzusu”na yaxınlığı ilə seçilən “Seçicilər Liqası”nın “exit-poll”u daha kolorit görünür. Bu təşkilata inansaq, müxalifət seçkilərdə 70, 24 faiz, iqtidar isə 24,66 faiz səs qazanıb.
Onu da qeyd edək ki, artıq müxalif “Gürcü arzusu” koalisiyası parlament seçkilərinin baş tutduğunu bəyan edib. Müxalif blokun nümayəndəsi David Saqanelidze bildirib ki, səsvermə zamanı qanun pozuntuları qeydə alınsa da, onlar ümumi prosesə təsir etmək gücündə deyil.
Modern.az