Modern.az saytının dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərindən müsahibələri davam edir. Bu dəfə müsahibimiz Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya və mətbuat şöbəsinin müdiri Vüsalə Rafiqqızıdır.
– Mətbuat xidməti işləməzdən öncə haralarda çalışmısız?
– Əvvəlcə qeyd edim ki Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat kafedrasında oxumuşam . Orada fakültə tələbələrinin “Gənc neftçi” qəzeti nəşr edilirdi. Həmin qəzetdə məsul redaktor işləyirdim və ora məqalələr yazırdım. Neft Akademiyasını bitirəndən sonra “Bu gün” qəzetində işləmək təklifi gəldi və qəbul etdim. “Bu gün” 1997-98-ci illərdə çıxan ən populyar qəzetlərdən biri idi. Sonra uzun müddət “Şərq” qəzetində işlədim. Paralel olaraq “AssA-İradə” İnformasiya Agentliyi, İctimai Televiziya, 1news.az saytı ilə əməkdaşlıq etmişəm. Bundan əlavə, Prezident Aparatında akkreditasiyadan keçərək 10 ildən artıq prezidenti müşayiət edən qrupda olmuşam.
– Neft Akademiyası, jurnalistika və mətbuat xidməti, bu üçlük necə alındı?
–Akademiyada oxumağım təsadüf olub. Məktəbi qızıl medalla bitirmişdim. 1992-ci ildə test üsulu çıxdığı üçün 1993-cü ildə medallar ləğv edildi. Sənəd qəbuluna gələndə ixtisasların kodlarında müəyyən yanlışlara yol verdim. Uşaqlıqdan anam və atam məni həkim kimi görmək istəyirdi və öz arzum da bu idi. Nəticələr açıqlananda məlum oldu ki, Neft Akademiyasının geologiya və Bakı Dövlət Universitetinin fizika fakültəsinə, yəni iki yerə qəbul olmuşdum. Geologiyanı seçdim, bu ixtisas üzrə bakalavr, magistr təhsili aldım. Hazırda təhsilim bugünkü işimdə böyük rol oynayır. Həyatda təsadüfi heç nə yoxdur. Sonra humanitar istiqamətdə tarix fakültəsini, daha sonra hüquq fakültəsinə daxil olmuşam. Düşünürəm ki, insan nə qədər çox oxuyarsa, onun dünyagörüşü, biliyi, həyata baxışı, peşəkarlığı daha da artır. Şüarım çox diplomluluq deyil, “hansı işi işləyirsənsə, onu mükəmməl bilməlisən”. Hüquq fakültəsini anama görə oxudum. O, böyük Nizamidən belə sitat işlədirdi ki, “ya həkim ol, ya hakim”. Həkimlik üçün fikirləşdim ki, gecdir. Amma düşünürəm ki, hüquq fakültəsinin oxuyub bitirəndən sonra anamın o arzusunu reallaşdıra bilərəm. İnsan addımını atmalı sonra nəticə istəməlidir. Hər halda mən addımı atdım. Görək nəticəsi necə olacaq?
– Bəs mətbuat xidmətinə gəlməyiniz necə oldu?
– Baxmayaraq ki, artıq mətbuatda öz imzamı gəldiyim andan müəyyən qədər tanıda bilmişdim, amma uzun müddət burada qalmaq fikrim yox idi. Jurnalistikada qalmağım, bir tərəfdən, peşəkarlığım üçün müsbət nəticələrə gətirirdisə, digər tərəfdən, elmi işlərim də müəyyən ləngimələrə səbəb olurdu. Geologiya İnstitutunda elmi işim var. Ona görə fikirləşirdim ki, təhsilimi və digər işlərimi qaydasına qoymaq üçün mətbuatdan getməliyəm.
Seysmoloji Xidmət Mərkəzi ilə tanışlığım 2010-cu ildən yox, hələ institutda oxuduğum illərdən var. Jurnalistikada çalışanda uzun müddət mərkəzin baş direktoru işləmiş, rəhmətlik Arif Həsənov bir gün məni yanına çağırdı, dedi ki, “düzdür, bu gün sən jurnalistsən, yaxşı işləyirsən, hamı səni çox istəyir. Amma unutma ki, sən Neft Akademiyasında ən dəyərli tələbə idin. Yəni Neft Akademiyası öz tələbəsini başqa sahədə bir növ itirmiş kimidir. Akademiyanın tələbəsi olmuş, jurnalistikada hazırda işləyən insanlar çoxdur – Nərgiz Cəlilova, İbrahim Nəbioğlu, Rahib Azəri. Sən də onların yolunu gedirsən, bir söz demirəm, amma bura ilə əlaqəni saxla”. 2010-cu ildə bu qərarımı bildirəndə hörmətli alimimiz Qurban Yetirmişlinin ilk təklifi o oldu ki, mətbuat xidmətinin rəhbəri işləyim və informasiyaları düzgün şəkildə ötürüm. Təklifi qəbul etdim və Seysmoloji Xidmət Mərkəzinin İnformasiya və mətbuat şöbəsinin müdiri təyin olundum. İki ildir ki, hörmətli həmkarlarımla əməkdaşlıq edirəm. Nə qədər işimin öhdəsindən gəldiyimi isə artıq onlar deyə bilərlər.
– Jurnalist işləyərkən bir növ azadlıqların olur, azad fikir yürüdürsən, amma dövlət qulluqçusu olarkən, bir növ, məhdudiyyətlərin olur və müəyyən çərçivələr daxilində işləyirsən. Bəs siz necə?
– 14 ilə yaxın jurnalist işləmişəm. İşlədiyim qəzetlərdə, agentliklərdə, televiziyada heç vaxt deyilməyib ki, bunu belə etmə. Sadəcə işə başlayanda oradakı siyasəti bilmişəm və ona uyğun hərəkət etmişəm. Nə redaktorumdan, nə müsahibimdən mənimlə bağlı narazılıq olub. Bu gün də mətbuat xidmətinin rəhbəri kimi, təbii ki, biz dövlət qurumuyuq, burada müəyyən məsələlər var ki, hansı ki ictimaiyyət üçün maraqlı olmamalıdır. Amma deyim ki, informasiya siyasətində bizdə heç bir qapalılıq yoxdur. Əgər zəlzələ olursa, bunu birinci öz saytımızda yerləşdiririk. Yanlış məlumatlar gedəndə dərhal operativ reaksiya veririk. Mənim üçün nəyisə gizlətmək barədə heç bir məhdudiyyət qoyulmayıb.
– Mətbuat xidmətinin rəhbəri kimi jurnalistlərlə işi necə qurursunuz?
– Çox rahat. Jurnalistlərlə istər internet, istər köhnə ənənələrlə, yəni telefon vasitəsilə, bir sözlə, jurnalistin hansı şəkildə müraciət etməsindən asılı olaraq hər birinə cavab verirəm. Düzdür, bəzi hallarda jurnalistlərin mətbuat xidmətlərindən narazılığı olur, bəzi hallarda mətbuat xidmətlərinin jurnalistlərdən narazılığı olur.
Bu yaxınlarda aparıcı KİV-dən birinin nümayəndəsi mənə zəng etmişdi ki, “sizdən başqa sayta informasiya verilib, siz mənə təsdiqləyə bilərsinizmi ki, həmin məlumatı mənə də vermisiniz?”. Ona dedim ki, bu informasiyanı onlar üçün vermişəm. Jurnalist sual verib və o suala cavab alıb.
Uzun müddət jurnalist işlədiyim üçün yaydığım informasiyaya, jurnalistlərə verdiyim məlumata da jurnalist gözü ilə baxıram. Çalışıram ki, söz yığınından, ümumilikdən qaçıb və konkret fikirlərə yer verim ki, jurnalist yazıya baxanda ondan istifadə edə bilsin. Amma doğrusu bu cür hallar məni təəssüfləndirir ki, jurnalistikada bir-birindən köçürmək halları da çoxdur.
– Bəs konfliktlər yaşamısınız?
– Ümumiyyətlə konflikt sevən insan olmamışam. Kimsə nəsə edə bilər, ona soyuqqanlı şəkildə başa sala bilərəm ki, bu doğru deyil, yanlışdır. Açığı deyim ki, nə yaydığım informasiyanın təhrif olunması, nə jurnalistlərlə anlaşılmazlıq yaşamışam. Çalışıram ki, jurnalist sual verəndə və dərhal cavab almaq istəyəndə, əlimdə işim olsa belə, onu kənara qoyum və jurnalistin sualını cavablandırım. Çünki jurnalist bu informasiyanı cəmiyyətə çatdırır. Və informasiya tez xarab olan məhsuldur, gərək onu vaxtında verəsən. Çalışıram ki, jurnalistlər də məndən incik düşməsinlər. Onu da qeyd edim ki, özüm uzun müddət jurnalist işləyəndə də hər hansı dövlət qurumunun mətbuat xidməti ilə problemim olmayıb. Bəzən olub ki, jurnalistlərin telefonunu qaldırmayan mətbuat xidmətlərindən də müsahibə ala bilmişəm.
– Sizi sualları ilə bezdirən və ya “qara siyahı”nıza saldığınız jurnalistlər olub?
– Mənim bir siyahım var, o da elektron poçtumdadır, nə ağ, nə də qaradır. Və fəaliyyətə başladığım gündən bu günə qədər o siyahı qalır. Ora əlavələr ola bilər, amma heç kim oradan silinmir. Hamı bizi sevə bilməz, bu işdir, iş prosesində kimdənsə xoşun gəlsə, də gəlməsə də hər kəs öz vəzifəsini vicdanla yerinə yetirməlidir. Ümumiyyətlə ayrı-seçkilik, seçimin həmişə əleyhinə deyiləm.
– Gün ərzində nə qədər jurnalistə informasiya verirsiniz?
– Bizim sahənin spesifikliyini nəzərə alsaq, biz ancaq 3 bal və ondan yuxarı təkanlar haqqında ictimaiyyətə məlumat veririk. Məlumat verəndən sonra təbii ki, zənglər başlayır və proqnozu soruşurlar. Qeyd edim ki, zəlzələnin qısa proqnozu yoxdur. Hər ölkənin seysmoaktiv zonaları var və orada müəyyən aktiv proseslər gedir. Amma hansısa prosesə görə əsaslanıb demək olmaz ki, hansısa saatda filan yerdə zəlzələ olacaq. Seysmoloji Xidmət Mərkəzinin təcrübəsində iki dəfə qısa müddətli proqnoz olub. 2000-ci ildə Xəzərdə baş verən Bakı zəlzələsindən 6 ay qabaq, Zaqatala zəlzələsindən əvvəl yanvar ayında mülahizələr var idi ki, o istiqamətdə gərginlik gedir. Amma bunun dəqiq yerini, vaxtını heç kim deyə bilməz.
Bu baxımdan belə təkanlar olanda jurnalistlər zəng edir. Biz də çalışırıq ki, onları başa salaq, dezinformasiyalar yayılmasın. Bu elə informasiyadır ki, insanlarda yersiz təşviş yarada bilir. Çox sağ olsun KİV nümayəndələri ki, Zaqatala zəlzələsi zamanı belə təxribatçı fikirlərə yer vermədilər. Ümumiyyətlə, telefonla sual verirlər və ya elektron poçtuma məktublar gəlir, hamısını da cavablandırıram. Azərbaycanda Seysmoloji Xidmət Mərkəzinin yaranmasının 110 illiyi ilə bağlı Bakıda beynəlxalq konfrans olacaq. Bununla bağlı suallar verilir və cavablandırılır.
– Mətbuat xidmətinin rəhbəri kimi dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərlərinin və jurnalistlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
– Özüm jurnalist işləyəndə çox mətbuat xidmətləri ilə əməkdaşlıq edirdim. Ancaq mənim üçün iki mətbuat xidmətinin rəhbərinin işi çox maraqlıdır. Bunlardan biri Müşfiq Əmirovdur, onun jurnalistlərlə problem yaşadığını eşitməmişəm. İkinci insan İqtisadi İnkişaf Nazirliyində Abbas Əliyevdir. Onların iş taktikası mənə maraqlı olub ki, uzun illər bu vəzifədə jurnalistlərlə işləyirlər, hər zaman da onlarla yaxşı əlaqələri var. Elə mətbuat xidmətləri var ki, onlar uzun illərdir bu vəzifədədirlər, amma jurnalistlər onları yerində tapa bilmir.
– Çox vaxt mətbuat xidmətləri eyni sual və ya oxşar suallarla müraciət edən jurnalistlərdən gileylənirlər. Deyirlər ki, cavab vermişəm, istəsən get oradan götür. Bu barədə fikirləriniz necədir? Belə hadisə yaşamısınız?
– Bunun əleyhinəyəm və jurnalist olaraq da xoşuma gəlməyən bir cavabdır. Çünki hər bir jurnalist hansısa mətbuat xidmətinə zəng vuranda həmkarı ilə məsləhətləşmir. Hər redaksiyanın öz qanunauyğunluqları var. Mətbuat rəhbərlərinin borcu ondan ibarətdir ki, sualları cavablandırsın. Hamı üçün ümumi məsələyə gəlincə, çalışıram ki, bu mənada jurnalistləri qabaqlayım və məlumatı özüm yayıram. Nə jurnalistlər məndən incik düşür, nə də mən təkrar-təkrar eyni cavabları verirəm. Axırıncı mayın 7-də olan Zaqatala zəlzələsi zamanı belə bir vəziyyət yaranmışdı. Bizim kollektivin böyük hissəsi, rəhbərlik başda olmaqla Zaqatalada idi və burada mətbuatı və ictimaiyyəti məlumatlandırmaq məsələsi üzərimdə idi. Mənə də təlimat verilmişdi ki, mümkün qədər ictimaiyyətə düzgün və dəqiq məlumat verim. Elə olub ki, qəzetlərə, agentliklərə təkrar-təkrar cavab vermişəm, amma jurnalistlərə deməmişəm ki, filan yerdə dərc olunan cavabımdan istifadə eləsin.
– Jurnalist işləyərkən rəhbər tərəfindən çox danlanmısınız, yoxsa mətbuat xidmətinin rəhbəri olanda?
– Yox, hər təşkilatın rəhbərindən çox şey asılıdır. Seysmoloji Xidmət Mərkəzi elə bir qurumdur ki, orada insanlarla rəhbərlik arasında həddən artıq rəsmiyyətçilik olmayıb. Yəni rəhbərlik çağırıb hansısa tapşırıq verə bilər. İndiyə qədər bizim praktikada belə şey olmayıb. Mənə əlavə məsləhətlər verilir, amma bu tənbeh, danlaq şəklində olmayıb.
– Bildiyimiz qədər eyni zamanda dərs deyirsiniz.
– Bəli, Odlar Yurdu Universitetinə keçən ildən gəlmişəm, Əhməd Vəliyev dəvət edib. Yeni dünya jurnalistikası istiqamətindən dərs deyirəm. Auditoriyada olmaq insanın özünün təkmilləşməsi üçün vacibdir, biliklərinin təkrar olunması üçün yaxşıdır. Mətbuat xidmətinin işində jurnalistika var, amma bizim işimiz təkcə informasiyanı yazıb yaymaqdan ibarət deyil. Bizdə nəşrlər, elmi jurnal var.
– Bir az da ailəniz barədə danışaq.
– Qazax rayonun Daşsalahlı kəndində anadan olmuşam, orada oxumuşam. Uşaqlıdan ziyalı mühitində böyümüşəm. Atam SSRİ Qaz Sənaye Nazirliyinin dövlət əhəmiyyətli boru kəmərləri idarəsində müxtəlif vəzifələrdə çalışırdı. SSRİ Dövlət Mükafatı laureatı olub. Anam müəllimədir. 4 uşağıq, 2 bacı, 2 qardaş. Bacım müəllimədir. Böyük qardaşım təsərrüfat işləri məşğul olur. Kiçik qardaşım hüquqşünasdır. Özüm də hamının bildiyi kimi ailə qurmamışam.
– Həyatınızı karyeraya sərf etmisiniz?
– Yox, sadəcə hər insanın böyüdüyü mühitin ona çox böyük təsiri var. Böyüdüyüm mühit belə idi ki, hər zaman stolun üstündə kitab-qələm görmüşəm. Baxırdım ki, anam da işini görəndən sonra oxuyur, nənəm də oxuyur. Nənəm 80 yaşında latın əlifbasını təzədən öyrəndi. Savadlı insanların içərisində böyüyəndə insanın istiqaməti tamamilə başqa olur. Kiməsə mənim 3 ali məktəbi bitirməyim vaxt itkisi kimi görünsə də, bu mənim ailəmdə normal qarşılanır. Ailə qurmaq məsələsi isə deyərdim ki, qismətdən asılıdır. Bundan əlavə, bizdə gender bərabərliyi haqqında qanun var, söhbətlər gedir. Çox vaxt evlərimizə gələndə bu məsələlər olmur.
– Amma elə insanlar da var ki, şəxsi həyatlarını karyeraya qurban verirlər.
– O fikirlə razı deyiləm. Qoçaq insan o insandır ki, hər şeyi balanslaşdıra bilsin. Amma ailə qismət məsələsidir, buna da gözüyumulu baxmaq olmaz. Hər işin sonunda evə gedirik, orada ailə üzvlərimizi görürük. Təbii ki, hər bir işin sonunda ailənə getmək, dincəlmək, ailə üzvlərini görmək insan üçün ən böyük xoşbəxtlikdir.
Aytən Əliyeva