Yeyinti məhsullarının aparıcı tədarükçüsü, İsveçrənin “Nestle” şirkəti Azərbaycanla ticari əlaqələri bərpa edib. “Nestle-Azərbyacan” MMC-nin direktoru Ceyhun Bəxtiyarlının Modern.az-a verdiyi məlumata görə, şirkət mal idxalını bərpa edib. Onun sözlərinə görə, artıq gömrüklə hər hansı problem yaşanmır:
“Bu günə kimi “Nestle” məhsullarını Azərbaycana şirkətin özü gətirmirdi. Şirkətin Azərbaycanda nümayəndəliyi var idi. Amma may ayında qərar verildi ki, “Nestle-Azərbaycan” şirkəti açılsın. Şirkətin açılması ilə də bu məsələ öz həllini tapdı. İyul ayından isə şirkət ölkəyə mal idxalını bərpa etdi”.
Qeyd edək ki, bir müddət əvvəl İsveçrənin “Nestle” şirkəti Azərbaycanla ticari əlaqələrini kəsmişdi. Bu gözlənilməz addıma səbəb yerli distribütor şirkətin Azərbaycanın gömrük orqanları ilə maliyyə münasibətlərindəki korrupsiya faktı göstərilirdi. Bu günə kimi “Nestle”nin Azərbaycanda eksklüziv distribütoru “Aylin” şirkəti idi. Şirkətdə aparılan regional audit yoxlamaları zamanı korrupsiya faktları aşkarlanmışdı və bu barədə “Nestle”nin İsveçrədəki mərkəzi ofisinə məlumat verilmişdi. Nəticədə “Nestle” şirkəti Azərbaycanla ticari əlaqələri dayandırmalı olmuşdu.
"Nestle-Azərbaycan" şirkəti Azərbaycan bazarını NESCAFE ticarət nişanı altında qəhvə və qəhvəyi içkiləri, NESQUIK kakaosu, MAGGI kulinariya məhsulları, uşaqların qidalanması üçün NESTLE və GERBER məhsulları, NESTLE dondurmaları, NESTLE şokolad məmulatları, KIT KAT, NESTLE hazır səhər yeməkləri, ev heyvanları üçün PURINA yemləri və digər məhsulların geniş çeşidilə təmin edir.
Gültəkin Ələsgər