“Gürcüstanda hələki seçkilərin nəticələri rəsmən elan olunmayıb, amma beynəlxalq müşahidələr və ”eksit- poll”un nəticələri göstərir ki, seçki prosesi çox demokratik keçirilib. Bu sözləri Modern. az saytına açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib:
“Azərbaycandan fərqli olaraq, burada olkə başçısı xalqa müraciət edib və seçkilərin nəticələrini tanıyıb. Hələ tam nəticələr élan olunmasa da, müxalifət üstün durumdadır”-deyən H.Kərimov bildirb ki, Gürcüstanda seçki ədalətli, demokratik və şəffaf keçib:
“Arzu edərdik ki, Azərbaycanda da belə bir seçki keçirilsin. Gürcüstan qonşu ölkədir və Azərbaycan da bu ölkədən örnək götürməlidir, çünki artıq dünyanın düzəni dəyisib və dünya bütün ölkələrdən demokratik seçki tələb edir”.
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu isə qeyd edib ki, bütün ictimaiyyət Gürcüsatandakı proseslərin geriyə qayıtmasının qarşısını almaq üçün lazımı tədbirlər görməlidir:
“Çünki Gürcüstan hələlik bölgədə yeganə demokratiyaya cəhd edən ölkədir. Əgər burada da proseslər dayansa, demək olar ki, keçmiş SSRİ məkanında demokratikləşmə bir neçə il təxirə düşə bilər. Bu baxımından Gürcüstan seçkilərindən sonrakı vəziyyət çox önəmlidir. Bundan sonra da prezident seçkiləri gəlir”.
S.Cəlaloğlu əlavə edib ki, Gürcüstanda proseslərin demokratiyaya uyğun getməsi Azərbaycan üçün böyük əhəmiyyətə malikdir: “Saakaşvilinin əleyhinə olan qüvvələrin parlamentdə üstünlük təşkil etməsini təhlükəli hesab edirəm. Bu qüvvələr rusmeyili qüvvələr, yaxud da ki, Saakaşvili xəttini müdafiə etməyən qüvvələr olsa, Gürcüstandakı proseslər geriyə gedə bilər. Gürcüstanda hadisələrin geriyə istiqamətlənməsi Azərbaycanda, Ermənistanda, digər keçmiş SSRİ respublikalarında demokratikləşmə prosesini bir neçə il geriyə sala bilər “-deyə partiya sədri qeyd edib.
Nihadə Eyyubova