Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal AKP hökumətinin Ermənistan siyasətini tənqid edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Baykal bəyan edib ki, Türkiyə Ermənistanla sərhədi açmaq istəyir. İsveçrədə protokolların imzalanmasından sonra həm Türkiyə, həm də Ermənistan prosesi davam etdirmək niyyətində olduqlarını bildiriblər. “Lakin bütün dünyanın gözü qarşısında Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bütün dünya təsdiqləyə bilər ki, Türkiyə Ermənistanla sərhədi yalnız bu ölkənin Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinə etiraz olaraq bağlayıb”,-deyə Baykal bildirib. Baykal Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qəbul edilməz olduğunu bildirib.
CXP lideri qeyd edib ki, dözülməz vəziyyətdə yaşayan Ermənistan 60 min vətəndaşını Türkiyəyə göndərib. Öz vətəndaşlarını işlə təmin etməkdə çətinlik çəkən Türkiyə isə onlara sığınacaq verib, işlə təmin edib. “Biz deyəndə ki, qonşularla sıfır problem, bütün dünyada düşünürlər ki, günahar bizik. Lakin Türkiyə Ermənistanla sərhədi niyə bağlayıb, hökumətimiz bunü izah etmədi. Biz Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini görmədik”,-deyə Baykal bildirib. Baykal AKP-nin “erməni açılımı”nın digər açılımlar kimi uğursuzluqla nəticələndiyini deyib.
Ermənistanın Sürix protokolunda işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkiləcəyinə dair bir öhdəlik götürmədiyinə toxunan Baykal protokolun əslində AKP hökumətinin ictimaiyyətə təqdim olunan şəkildə olmadığını bəyan edib. Onun sözlərinə görə, xarici siyasətdə beyinlərdə dolaşan fikirlər yox, kağız üzərinə köçürülən fikirlər keçərlidir. Baykal protokolların imzalanmasından sonra Türkiyə - Ermənistan, Türkiyə - Azərbaycan münasibətlərində yaşanan prosesləri dəyərləndirib. Onun sözlərinə görə, bu proseslər də dalana dirənib. Baykal qeyd edib ki, qarşıdan 24 aprel gəlir və Türkiyəyə qarşı təzyiqlər artacaq. AKP hökumətinin bu təzyiqlərin qarşısını almaq gücündə olmadığına işarə vuran Baykal hökumətin bu sahədə xarici siyasət fəaliyyətinin fiaskoya uğradığını deyib.
Baykal qeyd edib ki, Türkiyə Ermənistanla bağlı siyasətdən dolayı özü üçün çox şeyləri itirib. “Azərbaycanın dostluğu itirilib. Azərbaycan Türkiyə üçün fövqəladə güc...”deyərək hökumətə səslənən Baykal “Ermənistanla problemləri həll edə bilmədin, Azərbaycanla ixtilaf yaratdın. Azərbaycanla artıq əvvəlki ilişki yox. Azərbaycan qazın qiymətini qaldırır. Bunun ağrısını heç də elə zənn etməyin ki, diplomatlar çəkəcək və ya bu tarix kitablarına düşəcək. Ermənistanla yanlış siyasətin ağrısını, mənim artıq qaz qiymətinə görə sıxıntı çəkəcək vətəndaşım çəkəcək” deyib.