Modern.az

Xocalı uşaqları...

Xocalı uşaqları...

4 Fevral 2010, 10:29

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə iştirakı ilə həyata keçirilən bu soyqırımının statistikası yüzlərlə uşağı da əhatə edir.

 

“Uşaqların sinəsini yarıb ürəklərini parçalamışdılar” Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.

Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.

Xocalı soyqırımı şahidlərindən olan Camal Heydərov qaçıb canının qurtaran şəhər sakinlərindən biridir. C.Heydərovun bildirdiyinə görə, şəhərin yaxınlığındakı Qaraqaya deyilən yerdə eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi görüb. Meyidlərin arasında uşaqlar da var imiş: “Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar».

Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər. Zori Balayanın 1996-cı ildə yazmış olduğu "Ruhumuzun dirilməsi" kitabının 260-262-səhifələrində qeyd olunub: "... Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren mənə dedi: "Biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk cəlladların əlində qətlə yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdı". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyümüz, törətdiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlamasını istədik... ".

 

“Bizi əsirlikdən qurtarın...”

Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlar zamanı işğal edilən ərazilərdə girov götürülən uşaqlardan 168-i (onların 65-i azyaşlı qızdır) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib. Bu uşaqlar arasında Xocalıdan olanlar da çoxdur. Amma uşaq ikən girov götürülən xeyli xocalılı uşağın taleyi hələ də qaranlıq olaraq qalır. ”Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın araşdırmalarına görə, uşaq ikən əsir götürülmüş 21 azərbaycanlının hələ də Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda girovluqda saxlanılmasına dair məlumatlar var. Onların arasında Xocalı uşaqları da az deyil: “Araşdırmalara görə, girovluqda olan uşaqlar müxtəlif ağır işgəncələrə məruz qalıblar. Onların bəzilərinin bədən orqanları çıxarılaraq satılıb. Məsələn, 3 yaşlı Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst qalıb. 15 yaşlı Nəzakət Məmmədovanın qulaqları kəsilib, anası bunlara dözməyərək dəli olub, qızın özünü isə 4 milyon rubla ailəsinə satıblar”. E. Orucova bu kimi faktların yüzlərlə olduğunu vurğulayaraq beynəlxalq təşkilatların və dünyanın böyük dövlətlərinin bu məsələyə diqqət yetirməməsindən təəsüflənir: “İstərdik özlərini humanist və insan haqlarını qoruyan təşkilatlar kimi təqdim edən beynəlxalq qurumlar erməni girovluğunda olan azərbaycanlı uşaqları azad etmək üçün iradə nümayiş etdirsinlər”. Uşaq ikən girov götürülən Xocalı uşaqlarından bir qrupunun siyahısını təqdim edirik. Allahverdiyev Mahir Novruz oğlu - 1975-ci il təvəllüdlü; Cəfərov Nüsrət Fazil oğlu - 1975-ci il təvəllüdlü; Cəfərov Samir Tacir oğlu - 1988-ci il təvəllüdlü; Əliyev Səbuhi Cahangir oğlu - 1981-ci il təvəllüdlü; Əliyev Səlim Cahangir oğlu - 1987-ci il təvəllüdlü; Hüseynov Məhsəl Elxan oğlu - 1992-ci il təvəllüdlü; Hüseynov Rəcəf Elxan oğlu - 1987-ci il təvəllüdlü; Hüseynova Səbinə Elxan qızı - 1988-ci il təvəllüdlü; Hüseynova Nəsibə Hüseyn qızı - 1982-ci il təvəllüdlü; Məmmədov Möhlət Məmməd oğlu - 1976-cı il təvəllüdlü. Kim bilir, uşaq ikən azğın düşmən tərəfindən girov götürülən bu uşaqlardan hansı sağdır, hansı iztirablardan dünyasını dəyişib...?

“Xocalıdanıq...”

Dərnəgüldəki tələbə şəhərciyinin yataqxanasında xeyli Xocalı sakinləri yaşayır. Yataqxananın həyətində qarşıma çıxan azyaşlı uşaqlardan “haralısız?”-deyə soruşanda “Xocalıdanıq” söylədilər. Dünyanın dərdindən-sərindən bixəbər olan bu balacalar heç vaxt torpağında gəzmədikləri, havasını udmadıqları, suyunu içmədikləri Xocalının adını elə ürəklə söylədilər ki... Onlar işğaldan sonra Bakıda doğulublar, yataqxanada böyüyürlər, amma Xocalıdan olduqlarını, doğma yurdlarının düşmən tapdağı altında qaldığını bilirlər. Köçkünlük həyatı yataqxanalarda yaşayan Xocalı sakinlərini çoxdan bezdirib. Bəziləri şəraitsizlik üzündən müxtəlif xəstəliklərdən iş qabiliyyətlərini də itiriblər, sağlamlıqlarını da. Lakin ümidlərini itirməyiblər. Nə qədər çətin də olsa, doğma yurd-yuvalarına qayıtmaq arzusu onları yaşadır. Dərdi başlarından aşan didərginləri narahat edən əsas problem işğal altında qalan torpaqların taleyidir. «Sülh danışıqları nə vaxtatədək uzanacaq?». Bu sualı söhbətləşdiymiz Xocalı köçkünlərinin dilindən tez-tez eşidirdik. Dədə-baba yurdu yağı tapdağı altında qalan bu insanlar torpaq uğrunda ölümə getməyə hazır olduqlarını bildirirlər: «Hansı yolla olursa-olsun, gec-tez o torpaqlara qayıdacağıq.  Bunu bizdən şəhid ruhları tələb edir».

Qəddi əyilmiş 63 yaşlı Əli dayı da həyata bağlayan əcdadlarının uyuduğu torpaqlara qayıtmaq istəyidir: «Torpaq itkisindən ağır dərd yoxdur. Bu dərdə necə qatlaşmağı onu daşıyanlar bilər. İndi mən ölümdən qorxuram. Ona görə yox ki, iradəsizəm. Dədə-babamın uyuduğu torpaqda dəfn olyunmayacağım ağlıma gələndə, az qala dəli olam. Budur məni qorxudan». Əli kişi də doğmalarını itirib. Onunla bu mövzuda söhbətimiz uzun çəkmədi. Dərdini təzələmək istəmədiyimizdən söhbətin axarını dəyişmək istəsək də, nədən danışırsa, sözünün bir ucu Xocalıya bağlanır. 62 yaşlı Simuzər nənə isə «hər şeyimiz getdi. Çıxanda bir çöp də götürə bilmədik. İndi isə darısqal otağa yığışışmışıq”-deyə ah çəkir. Bu dar otaqda özünü həbsxanadakı kimi hiss etdiyini deyir. Bir də onu deyir ki, məhrumiyyətlər də onları yorub: «Evdə oturub fikirləşməkdən başına hava gələnlər var. Bircə Xocalıya qayıdıb orda ölə bilərdim».

 

“Uşaqlar nə tez böyüyürlər...?”

Əli kişi deyir ki, yurd-yuvasızlıq dərdi elə bil uşaqların da tez böyüməsinə, yaşlanmaına səbəb olur: “Elə bilirən Xocalıdan dünən çıxmışam. Amma ətrafa nəzər salanda görürəm ki, o zaman ağzından süd iyi gələn körpələrin indi 18 yaşı tamam olur”.

İşğaldan sonra 18 ildir tələbə yataqxanasının şəraitsiz dar otaqlarında böyüyür Xocalı uşaqları. Bura onlara evi əvəz edə bilməyib, sadəcə, daldalanmaq üçün bir yer olub. Yataqxananın ensiz dəhlizlərində gündüzün günorta çağı da qaranlıq hökm sürür. Sonuncu dəfə kim bilir nə vaxt təmir olunmuş, tökülüb-dağılan darısqal, beton otaqlarda yaşamaq hünər istəyir. Amma Xocalı uşaqları bu şəraitdə böyüyürlər...

Əntiqə Qəhrəmanova isə Pirşağıdakı “Qızılqum” sanatoriyasına sığınan xocalılardan biridir. Hər dəfə o dəhşətli günləri xatırlayarkən nəvəsinin hərəkəti gözünün qarşısına gəlir: «8 yaşlı nəvəm ermənilərin ayağını qucaqladı ki, “ay erməni, qadan alım, atama dəymə, bəs bizi kim saxlayacaq?” Erməni də dedi ki, “atana deynən torpaq ermənindir, buraxım”. Kürəkənim də dedi ki, adam ölümdən ötrü vətənini satmaz…». Əntuiqə nənənin qızını, kürəkənini nəvələrinin gözünün qabağında öldürüblər. O, üç nəvəsi ilə birgə girov götürülüb. Azad olunandan sonra Bakıdada yerləşiblər. O zaman böyük nəvəsinin 8 yaşı varmış, lap kiçiyi isə 8 aylıq imiş.

Əntiqə Qəhrəmanova deyir ki, ötən 18 ildə onların həyatında heç nə dəyişməyib. Dəyişən nəvələrin böyüməsidir...

  A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı