ABŞ dövlət katibi Hillari Klinton Türkiyə və Suriya arasında müharibə vəziyyəti ilə bağlı yenidən danışdı. Modern.az xəbər verir ki, Klinton bu durumu çox təhlükəli adlandırıb.
“Suriyanın öz sərhədindən kənara atəş açması bizi çox qəzəbləndirib. Türkiyədə insanların ölməsi bizi çox üzüb. Mən məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri ilə də danışacağam. Suriyadakı bu duruma İran kimi ölkələr dəstək verirlər. Halbuki ölkədə vətəndaş müharibəsi gedir, həm də bu müharibə artıq ölkə sərhədlərini aşıb. Bu, çox təhlükəlidir. Bütün aiddiyatlı ölkələr Əsəd rejimini atəşkəsə məcbur etməlidir, Bəşər Əsəd öz xalqını qırmağı dayandırmalıdır”, – deyə jurnalistlərə açıqlamasında dövlət katibi bildirib.
Qeyd edək ki, Suriya ordusuna məxsus qırıcı təyyarələr tərəfindən dünən axşam saatlarında Türkiyə ilə sərhəddə yerləşən Şanlıurfa bölgəsinə bir neçə dəfə ardıcıl bombalı hücumlar həyata keçirilib. Bölgə yarım saatdan çox top atəşinə məruz qalıb. Şanlıurfanın Açaqala qəsəbəsində baş verən hadisə nəticəsində 5 nəfər ölüb, 9 nəfərdən çox insan isə yaralanıb.
Hadisədən dərhal sonra Türkiyə ordusu müharibə hazırlığına gətirilərək hücumların qarşısını alıb. Rəsmi Ankara Suriyanın gözlənilməz hücumu ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlər Kabinetinin yaydığı açıqlamada bildirilib ki, Türkiyə də bunun qarşılığında Suriyaya bir neçə zərbə endirib. Qarşı tərəfi cavab atəşi ilə susdurulsa da bölgədə müharibənin olacağı qaçılmaz deyil. Türkiyədə hazırda müharibə şəraiti hökm sürür. Suriya ilə sərhəd bölgədə isə vəziyyətin böhranlı olduğu bildirilir.
Modern.az