Modern.az

Azər Həsrət Moskvadakı konfransda erməni həmkarlarına etiraz edib

Azər Həsrət Moskvadakı konfransda erməni həmkarlarına etiraz edib

Təhsil

4 Oktyabr 2012, 13:17

Oktyabrın 1-3-də Moskvada Rusiya Jurnalistlər İttifaqının ev sahibliyi ilə “Avropa Jurnalistlər Federasiyası şərqə genişlənir” mövzusunda konfrans keçirilib. ATƏT-in media azadlığı üzrə təmsilçisi Dünya Myatoviçin də qatıldığı konfransda AJF-nin təmsilçiləri ilə bərabər keçmiş Sovet İttifaqı, həmçinin kommunist bloku ölkələrindən 54 nəfər jurnalist iştirak edib.

Azərbaycanı adı keçən tədbirdə üç nəfər – Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli, həmin qurumun departament rəhbəri Əhməd Əlili, həmçinin Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət təmsil edib.


JuHİ sədri Müşfiq Ələsgərli çıxışlarında Azərbaycanda medianın ümumi problemləri, jurnalistlərin əmək hüquqlarının qorunması, əmək müqavilələri məsələləri haqqında fikirlər səsləndirib. O, özəlliklə də Beynəlxalq Jurnalistlər Federasiyasının struktur vahidi olaraq AJF-nin Azərbaycanın da daxil olduğu coğrafiyada daha fəal ola biləcəyini vurğulayıb.

Əhməd Əlili isə “ATƏT bölgəsində media azadlığının durumu” adlı sessiyada Azərbaycan mediası ilə bağlı geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, son illər ərzində ölkəmizdə medianın inkişafı üçün dövlətin silsilə effektiv tədbirlər görməsinə baxmayaraq, bəzi problemlər də qalmaqdadır ki, onların həllində mütləq beynəlxalq təcrübədən yararlanmaq lazımdır. Ə. Əlilinin çıxışı toplantı iştirakçılarının geniş marağına səbəb olub.

CASCFEN sədri Azər Həsrət isə “Qafqazda münaqişə jurnalistikası: təhdidlər və imkanlar” mövzulu sessiyada bölgənin ümumi durumu haqqında iştirakçılara bilgi verib. O, qeyd edib ki, Güney Qafqazın hər üç ölkəsi münaqişə şəraitindədir. Bunlardan yalnız Ermənistanın qatıldığı münaqişə onun sərhədlərindən kənardadır. “Çünki Gürcüstan torpaqları olan Abxaziya və Güney Osetiyadakı münaqişə və Azərbaycandakı Dağlıq Qarabağ münaqişəsi birbaşa adı çəkilən ölkələrin ərazisindədir. Ermənistan da Dağlıq Qarabağ münaqişəsində tərəf olduğu üçün Azərbaycanla münasibətləri gərgindir. Bununla belə, həmin ölkənin öz ərazisində heç bir münaqişə ocağı yoxdur”, – deyə Azər Həsrət bildirib. CASCFEN sədri onu da bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin ilk illəri ərzində ermənilər Azərbaycanın 8, Rusiyanın isə 2 jurnalistini öldürüblər.

Azər Həsrətin bu çıxışı Ermənistan təmsilçisinin xoşuna gəlməyib və o, “Mən çıxışımda Qarabağ münaqişəsinə toxunmadım, siz niyə bu haqda danışırsınız” deyərək etiraz edib. CASCFEN sədri cavabında qeyd edib ki, “Ermənistan tərəfinin münaqişə haqqında danışmaması anlaşılandır. Çünki bu münaqişə Ermənistan deyil, Azərbaycan torpaqlarında baş verir və təbii ki, ölkəmizdə münaqişə jurnalistikası haqqında danışarkən yalnız bu bölgəni qeyd etməliyik”.

Konfransın sonuncu günü JuHİ təmsilçiləri bir sıra beynəlxalq qurumların, o cümlədən AJF-nin təmsilçiləri ilə gələcək planlarını müzakirə edib. Qərara gəlinib ki, JuHİ-nin AJF-yə üzvlük məsələsi ətrafında müzakirələr başlansın.

Azər Həsrət də öz növbəsində AJF və digər qurumların təmsilçiləri ilə
işbirliyi məsələlərini müzakirə edib.

Azərbaycanlı jurnalistlər oktyabrın 4-də Vətənə qayıdıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi