Modern.az

"Modern.az-ın heç bir deputatla maliyyə bağlılığı yoxdur” - SÖHBƏT

"Modern.az-ın heç bir deputatla maliyyə bağlılığı yoxdur” - SÖHBƏT

Media

4 Oktyabr 2012, 15:53

Elşad Eyvazlı: “Parlement seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı indiki millət vəkillərinin çoxunun seçicilərlə görüşünü saytımızda işıqlandırıb onları reklam etmişdik”

“Həmin deputatların eləsi oldu ki, heç reklamın pulunu vermədi”

“OLAYLAR”-ın “Həmkar” rubrikasının bu dəfəki qonağı bu günlərdə 3 yaşı tamam olan “Modern.Az” saytının baş redaktoru Elşad Eyvazlıdır. Onunla söhbətimizdə rəhbərlik etdiyi saytın 3 illik fəaliyyəti və Azərbaycan mətbuatının durumu barədə danışdıq.

-Elşad müəllim, “Modern.Az” saytının 3 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

-Əvvəlcə onu qeyd edim ki, yeni media Azərbaycana bir qədər gec gəlib çatdı. “Modern.Az” fəaliyyətə başlayanda artıq bir xeyli internet portalları, agentliklər, saytlar vardı. “Modern.Az” Parlament Jurnalistlər Birliyinin bir layihəsi kimi ortaya çıxdı və daha çox Milli Məclisin deputatlarının fəaliyyətinin işıqlandırılması, cəmiyyətin problemlərinin parlamentə çatdırılması, eyni zamanda parlamentin gördüyü işlə cəmiyyətin məlumatlandırılmasına üstünlük verdi. Bizim ilk hədəfimiz ondan ibarət idi ki, cəmiyyət, ayrı-ayrı təbəqələrin nümayəndələri parlamenti, millət vəkillərini əlçatmaz hesab etməsinlər. Fikirləşsinlər ki, onları biz seçmişik və bizim hər bir dərdimiz, səsimizə onlar cavab verəcəklər. Hesab edirəm ki, bununla bağlı hədəfimizə müəyyən mənada nail olmuşuq. Artıq hər bir millət vəkili seçicilərlə keçirdiyi görüş barədə “Modern.Az”a məlumat verir. Eyni zamanda biz cəmiyyətin problemlərini parlamentə çatdıranda hər bir millət vəkili bununla tanış olur.  Üç illik fəaliyyətimiz heç də asan keçmədi. Maliyyə problemlərimiz oldu. Hətta bir neçə dəfə bağlanmaq təhlükəsi ilə qarşılaşdıq. Bu gün isə artıq “Modern.Az”ın Azərbaycan media bazarında özünəməxsus rolu var. Bir məqamı qeyd edim ki, heç vaxt mənim xarakterimdə birincilik olmaq olmayıb. Mənim xarakterim ondan ibarətdir ki, daha çox tanınıb etimad qazanasan. Həmçinin bir media orqanı kimi kimisə əyləndirmək fikrimiz də yoxdur. Biz əyləncə saytı olmaq niyyətində deyilik. “Modern.Az” cəmiyyəti düşündürməyə çalışır.

-“Modern.Az” adı təsadüfən seçildi, yoxsa?

-Bunu ilk dəfə açıqlayacam. Parlament Jurnalistlər Birliyinin “Çağdaş Azərbaycan” adlı jurnalı var. “Modern.Az” yaranarkən xeyli adlar müzakirə edildi və həmin adlar sırasında “Çağdaş Azərbaycan” da vardı. Çağdaşın sinonimi modern mənasını verir. Ona görə də bu adı götürdük.

-Bəs jurnalınız nə zaman işıq üzü görəcək?

-Jurnal 2013-cü ildən işıq üzü görəcək. Hətta bu istiqamətdə bəzi araşdırmalar da aparmışıq və dünyaca məşhur olan jurnallarla tanış olmuşuq. Hər halda fərqli bir jurnal ortaya qoymaq istəyirik.  Çalışacağıq ki, buna nail olaq.

-Elşad Eyvazlı mətbuata, jurnalist fəaliyyətinə yazılı mediadan başlayıb. Nə üçün qəzet deyil, məhz sayt yaratmağa üstünlük verdiniz? Bu yazılı medianın tədricən sıradan çıxması ilə bağlıdır?

-Burada bir məsələni açıq deyəcəm. Belə ki, xərc məsələsi var. Əgər imkanım olsaydı qəzet açardım. Çünki mətbuata yazılı mediadan gəlmişəm. İki nəfərlə həftəlik qəzet çıxarmaq olar? Yox. Ancaq iki nəfərlə pis-yaxşı sayt işlətmək olar. Ona görə də biz bu varianta üstünlük verdik. Ancaq istisna deyil ki, gələcəkdə qəzetimiz olmasın.

-Rəqabət baxımından “Modern.Az” özünü hansı saytlarla bir cərgədə görür?

-Səmimi şəkildə demək istəyirəm ki, bizdə yazılı mediaya inananlar daha çoxdur. Qəzetləri daha çox bir qədər yaşlı nəsil oxuyur ki, onlar da bizə deyil, yazılı mediaya inanırlar. Ümumiyyətlə, Azərbaycanda media qurumu nə qədər çox olarsa, bu medianın inkişafına bir o qədər töhfə vermiş olar. Burada təssüfedici məqam da var ki, bəzən adımızı media qoyur, ancaq medianın görəcəyi işlərdən başqa bütün işlərlə məğşul oluruq. O ki qaldı rəqabətə, mən deməyəcəm ki, bizim rəqibimiz kimlərdir. Yuxarida qeyd etdiyim kimi biz birinci olmağa çalışmırıq. Biz etibarlı, inamlı olmağa, insanları düşündürməyə çalışırıq. O baxımdan bizə rəqib ola biləcək media qurumu görmürəm. Çünki bizdə etibarlı mənbə, adının çəkilməsini istəməyən mənbə sözləri yoxdur. Mən təsdiqlənməmiş məlumatı etibarlı mənbə kimi necə yazım?  Təbii ki, “Modern.Az”da erotika, sekslə bağlı materiallar verərək xeyli sayda oxucu toplaya bilər. Bir dəfə xəbərim olmadan redaktorumuz məşhurlarının birinin toy gecəsindən məlumat vermişdi. Həmin məlumat fantastik dərəcədə oxunmuşdu. Redaksiyaya gələndə hiss etdim ki, əməkdaşlarımz sevinirlər. Səbəbini soruşanda bildirdilər ki, sayta yerləşdirdiyimiz həmin materialın qısa zaman ərzində 3 mindən artıq oxucusu olub. Dərhal həmin materialı saytdan çıxartdım və bildirdim ki, bizə belə şey lazım deyil. Oxucu sayı məni çox maraqlandırmır. Onu da deyim ki, müğənnilərin həyatı, artistlər barədə məlumatlar uşaqlıqdan məni maraqlandırmayıb. Millətini çox sevən, qibtə ediləsi ziyalılar həmişə məni düşündürüb. Ola bilər ki, uşaqlığın abı-havası hələ də beynimdən çıxmayıb və bu səbəbdən qeyd etdiyim istiqamətlərdə işləyirik.

-Saytınızda daha çox parlamentə, millət vəkillərinin fəaliyyətinə geniş yer verilir. Bu da belə bir rəyin formalaşmasına səbəb olub ki, “Modern.Az”ın bir qrup deputatla maliyyə bağlılığı var. Deyilənlər nə dərəcədə reallığı əks etdirir?

-Səmimi şəkildə qeyd edirəm ki, kaş sizin dediyiniz doğru olardı. Mənə çox deputatlar müraciət edib və bildiriblər ki, hər ay onların təbliği üçün müəyyən məbləğdə pul verəcəklər. Ancaq mən onların heç biri ilə razılaşmamışam. Parlement seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı indiki millət vəkillərinin çoxunun seçicilərlə görüşünü saytımızda işıqlandırıb onları reklam etmişdik. Həmin deputatların eləsi oldu ki, heç reklamın pulunu vermədi. Ancaq bunun qarşılığında onlara heç nə demədim. Əgər bu adam özü reklam pulunu vermirsə mən ondan necə pul istəyim? Konkret deyə bilərəm ki, bizim heç bir deputatla maliyyə bağlılığımız yoxdur. Parlament Jurnalistlər Birliyinin rəhbəri olduğum üçün hər kəs belə düşünə bilər. Hazırda bir çox saytlar, internet portallarını saya bilərəm ki, onlar daha çox deputatlarla bağlıdırlar, nəinki biz. Biz yalnız mənəvi cəhətdən, cəmiyyətin problemlərini parlamentə çatdırmaq baxımından bütün saytlardan parlamentə daha çox yaxınıq. Bir daha qeyd etmək istəyirəm ki, dəfələrlə bağlanmaq təhlükəsi ilə üzləşmişik. Burada haqlı bir sual ortaya çıxa bilər ki, bəs necə işləyirsiniz? Məlumat üçün deyim ki, “Modern.Az”ın xeyli layihələri var və həmin layihələr yalnız yerli layihələr deyil. Bir sıra beynəlxalq layihələrimiz var ki, onlarla işləyir və əldə etdiyimiz vəsaiti bura yönəldirik. Hər halda Parlament Jurnalistlər Birliyinin rəhbəri olaraq ayrı-ayrı deputatlarla fərdi şəkildə işləməyə çox pis baxıram. Bir şeyi də açıq şəkildə deyim ki, saytımızda gedən bir neçə reklamın əldə edilməsində deputatlar mənə köməklik edib. Onlardan xahiş etmişəm ki, hansısa firma və şirkətdən reklam almağa köməklik göstərsin.

-Adətən saytlarda gedən hər hansı bir materialın oradan çıxarılması və ya yerləşdirilməsi üçün kimlərsə müəyyən miqdarda pul təklif edir. “Modern.Az”ın həyatında da belə bir şey baş veribmi?

-Bəzən bizim jurnalistlərin kimlərdənsə hansı formada pul almaqları məni düşündürür və fikirləşirəm ki, bunu necə edirlər. Səmimi şəkildə bildrimək istəyirəm ki, bizə bu barədə nəsə deyən olmayıb. Düzdür, bir neçə dəfə saytdan yazı çıxarmışıq. Ancaq bu da yalnız dost münasibətlərindən irəli gəlib və heç bir maliyyə burada rol oynamayıb. Əgər sən kimdənsə hansısa yazının müqabilində nəsə alırsansa, artıq gözükölgəli olursan və onun çaldığına oynamalısan. Mən daha çox dostluğa üstünlük verirəm. Yaxın dostlarım var ki, bəzən hansısa yazının saytdan çıxarılmasını xahiş edir və mən həmin xahişi nəzərə alıram. Halbuki bununla biz fəaliyyətimizi kölgə altında qoyuruq. Ümumiyyətlə isə saytdan hansısa bir yazının çıxarılmasına çox pis baxıram.

-Saytınızın zaman-zaman maraqlı layihələri olur. Yaxın vaxtlar üçün də yeni layihələriniz nəzərdə tutulurmu?

- Kifayət qədər yeni layihələrimiz var. Onlayn sistem bir xəbər sitemidir. Ancaq bu xəbər sisteminin içərisinə bir müxtəliflik qoyulmasa oxucuları itirmiş olursan. “Modern.Az”ın maraqlı layihələri bundan sonra daha çox olacaq. Hesab edirəm ki, Azərbaycan mediasında ən yaxşı layihənin ömrü 3 aydır. Bizdə indiyə qədər kifayət qədər layihələr olub. Ancaq həmin layihələrin də ömrü 3 ay sürüb. Çünki 3 aydan sonra neynəsən də həmin layihə əsasında hazırlanmış yazı oxunmur.

-İstənilən jurnalistin formalaşmasında hansısa bir mətbu orqanın xüsusi rolu olur. Elşad Eyvazlının jurnalist kimi formalaşmasında hansı mətbu orqanın rolu olub?

-Mən jurnalist fəaliyyətimə “Azərbaycan gəncləri” qəzetindən başlamışam. Eyni zamanda İrfan Sapmazın Azərbaycanda işıq üzü görən “Avrasiya” və “Hər gün” qəzetləri də vardı ki, mən də “Hər gün” qəzetində işləmişəm. Ona görə də fikirlərşirəm ki, jurnalist kimi fəaliyyətə başlamağımda daha çox “Hər gün” qəzetinin rolu olub. Ancaq həmin qəzetdə bir qədər açıq-saçıq mövzular, şou-biznes məsələlərinə üstünlük verildiyi üçün onu qəbul edə bilmədim. Xeyli mətbu orqanlarda da çalışmışam. Düzdür, rəhmətlik Məmməd Nazimoğlu ilə bir yerdə işləməmişəm, ancaq bu sahədə onun fikirləri mənim üçün çox maraqlı, dəyərli sayılırdı. Tez-tez görüşərdik. Ondan öyrəniləcək o qədər məsələlər var idi ki...

-Siz  həm də Parlament Jurnalistlər Birliyinin sədrisiniz. Bu günlərdə rəhbərlik etdiyiniz qurum Mətbuat Muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə ilkin reaksiyalar necədir və belə bir muzeyin yaradılması nə dərəcədə mümkündür?

-Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bizim təşəbbüsü dəstəkləyib. Azərbaycanın mətbuat tarixindən dəfələrlə kiçik tarixə malik ölkələrin əksəriyyətində Mətbuat Muzeyi var  Bizim isə mətbuat tariximiz kifayət  qədər böyükdür, şanlı bir tarix olaraq böyük bir yol keçib. Belə olan halda bizdə nə üçün belə bir muzey olmasın və ölkəmizə gələn xarici ölkə jurnalistinə keçdiyimiz yolu göstərməyək? Hesab edirəm ki, Mətbuat Muzeyinin yaradılması real məsələdir və bunun gerçəkləşdirilməsi üçün ciddi işlər görməliyik. Bu Elşad Eyvazlı olaraq mənə yox, Azərbaycan mediasına, jurnalistlərə lazımdır. Bu arada bir məqamı da qeyd edim ki, Azərbaycanda reket jurnalistikaya qarşı ilk mübarizəni biz başlamışıq və parlamentdən 70-dən artıq jurnalistin kənarlaşdırılmasına nail olmuşuq. Hətta bu günlərdə adı Gülər Əhmədova ilə bağlı hallandırılan jurnalisti də biz parlamentdən kənarlaşdırmışıq.

Süleyman İsmayılbəyli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək