Modern.az

Müəllimlər günü - bu tarixə sevinənlər və ondan əziyyət çəkənlər...

Müəllimlər günü - bu tarixə sevinənlər və ondan əziyyət çəkənlər...

5 Oktyabr 2012, 11:10


5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.
İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir.

Dünyanın digər ölkələrini deyə bilmərik, amma Azərbaycanda Beynəlxalq Müəllimlər günü məktəblərimizə xas ənənəylə qeyd olunur. On il öncə də belə olub, indi də belədir. Söhbət təhsil sistemimizdə kök atmış və medianın əbədi mövzuna çevrilmiş rüşvətxorluqdan, qeyri-rəsmi ödənişlərin yığılmasından gedir. Təhsil Nazirliyinin rəsmiləri təkzib etsələr belə, övladları orta məktəblərdə oxuyanlar fakta yaxşı bələddirlər...

Bir həftəyə yaxındır ümumtəhsil məktəblərində Müəllimlər gününə xüsusi tədarük görülür. Bir həftə öncədən direktorlar müəllimlərə elan ediblər ki, Müəllimlər gününə “hazırlaşsınlar”. Müəllimlər də valideynlərə elan ediblər ki, “hazırlaşsınlar”. Bir çoxları bu “hazırlıq”ın əsas günahkarları kimi sıravi müəllimləri görür, amma əslində ən böyük günah onları buna məcbur edən direktorlardadır. Sıravi müəllimin nə həddi var məktəb direktorunun xəbəri olmadan valideyndən Müəllimlər günü üçün pul istəsin...
Əgər direktor direktor olsa, valideyndən pul yığan müəllimin canını alar. Amma təəssüf ki, əksinədir...

Qeyd edək ki, orta məktəblərdə qanunsuz ödənişlərin toplanılması mətbuatda müzakirə olunanda, təhsil naziri Misir Mərdanov açıqlamalarla çıxış edir, direktorlara və müəllimlərə xəbərdarlıq ünvanlayır.  Deyir ki, heç bir direktorun və müəllimin şagirdlərdən Müəllimlər günü ilə bağlı pul yığmağa ixtiyarı yoxdur.  Amma 10 ildən çoxdur bəyan olunan bu xəbərdarlığa əhəmiyyət verənmi var...

Bu il də ötən illərdəki kimi Müəllimlər günü ilə bağlı pullar yığılmaqdadır. Müəllimlər valideynlərdən istəyirlər, direktorlar da müəllimlərdən, direktorlardan istəyənlər varmı-yoxmu onu deyə bilmərik...

Müəllimlər günü ilə bağlı qanunsuz ödənişlər məktəblərin yerləşdiyi ərazidən asılı olaraq 10-50 manat arasında dəyişir. Biz əyalətləri deyə bilmərik, söhbətimiz Bakıdakı məktəblər barəsindədir...

Müəllimlər bu pulu şagirdlərdən yığmağa məcburdurlar. Çünki direktorların sinif rəhbərlərinə göstərişləri var – hər sinif rəhbəri 50 manat gətirməlidir. Yazıq sinif rəhbəri hələ 30 manat direktorun dərs hissə müdiri olan müavininə, 30 manat da direktorun təşkilati məsələlərə baxan o biri müavinini verməlidir. Bu, Bakıda şəhərin mərkəzindən kənarda yerləşən məktəblərin “planıdır”. Yəqin mərkəzdə direktorların iştahı bundan böyükdür.
 
Müəllimlər valideynlərdən pul istəməyə məcburdurlar... Onlar işdən çıxarılacaqlarından, dərs saatlarının azaldılacağından qoxduqları üçün açıq şəkildə etiraz etməyə çəkinirlər.
Ayda 150-200 manat məvacib alan sıravi pedaqoq ya etiraz edib təzyiqlərə məruz qalmalı, işsiz qalaraq ailəsini qəpik-quruşsuz qoymalı, ya da deyilən məbləği toplamalıdır, toplamasa direktorların istədikləri məbləği öz cibindən verməlidir.

Əlbəttə, müəllimlərdə də günah az deyil, onlar heç olmasa birləşib etiraz edə bilərlər. Amma təhsil işçiləri arasında həmrəylik, birlik barədə danışmağa dəyməz. Üstəlik onlar arasında da rüşvətə meyl edənlər, direktorun ona yaratdığı qanunsuz imkandan daha gen-bol istifadə etməyə can atanlar çoxdur.

Nəticədə bütün hallarda çanaq valideynlərin və təhsil sisteminin başında sınır.
 
Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan müəllimi barədə bu cür xoşagəlməz notlarla çıxış etmək istəməzdik. Amma neyləyəsən ki, reallıq belə yazmağa əsas verir...

Bayramın mübarək Azərbaycan müəllimi!

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi