Modern.az

Azərbaycanlı deputat AŞPA-da avropalı parlamentariləri sərt tənqid edib

Azərbaycanlı deputat AŞPA-da avropalı parlamentariləri sərt tənqid edib

Təhsil

5 Oktyabr 2012, 11:37

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası və onun əfv olunması ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova Ramil Səfərovun azadlığa çıxmasının belə böyük manipulyasiya vasitəsinə çevrilməsindən təəssüfləndiyini bildirib:
«Halbuki bu, sırf hüquqi bir proses idi və prosesin hər bir mərhələsində hüququn tələbləri nəzərə alınmışdı. Ramil Səfərovun Azərbaycana ektradisiyası “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub və tam hüququ çatırdı ki, öz vətəndaşını ektradisiya etsin».

Sahiibə Qafarovanın sözlərinə görə, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər.
“Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə edib. Göründüyü kimi, proses sırf hüquqi mexanizmlər üzərində qurulub və burada hüquqdan kənar heç bir addım atılmayıb”.

“Mən məsələnin başqa tərəfinə də diqqətinizi yönəltmək istərdim. Bildiyiniz kimi, Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmişdi. Əvvəlcə, onu qeyd etmək lazımdır ki, Ramil Səfrov haqqında çıxarılan bu hökm kifayət qədər ədalətsiz idi. Çünki bu günə qədər dünyada bir nəfəri qətlə yetirən hansısa şəxsə ömürlük həbs cəzası təyin edilməsi halına rast gəlinməsi çətin ki, mümkün olsun»,-deyən S.Qafarova əlavə edib ki, Ramil Səfərova cəza təyin edərkən, onun Ermənistan tərəfindən işğal olunan bir rayonun sakini olması, yaxın qohumlarının ermənilər tərəfindən qətlə yetirilməsi, bu cinayəti hənsı ruh halı ilə törətməsi nəzərə alınmamışdı: «Əgər bütün bunları nəzərə alsaq, onda əslində, Ramil Səfərovun həbsi və ona cəza təyin olunması zamanı hansı kriteriyaların rəhbər tutulduğu ortaya çıxır».

Ramil Səfərov hadisəsinə münasibətdə qərəzliliyin olduğunu vurğulayan millət vəkili yaxın keçmişdə baş verən bir neçə hadisəni misal çəkib. Onun sözlərinə görə, cəmi bir neçə ay bundan əvvəl Norveçdə qatı cinayətkar, 80 nəfəri milli, irqi zəmində qətlə yetirən Breyvikə cəmi 21 il həbs cəzasının verilməsi faktı var ikən, bu gün Ramil Səfərov məsələsindən istifadə edərək Azərbaycana ünvanlanan tənqidləri səmimi qəbul etmək mümkün deyil: «Mən həmin insanlara sual etmək istəyirəm ki, 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçu Ermənistan prezidenti tərəfindən əfv olunanda bu gün danışan ağızlar niyə susmuşdular? Bilməyinizi istərdim ki, bu suallar Avropa ailəsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan  cəmiyyətində öz cavabını gözləyir».

Daha sonra avropalı parlamentarilərə bir neçə sual ünvanlayan millət vəkili S.Qafarova deyib ki, əgər AŞPA-da Səfərov məsələsi müzakirə olunursa, niyə Xocalı hadisələləri müzakirə olunmur? Niyə o hadisələri törədənlər müzakirə olunmur? Bu gün Ermənistan hakimiyyətində təmsil olunanların əksəriyyəti Xocalıda və o cümlədən, Azərbaycanın digər şəhər və rayonlarında törədilmiş terror hadisələrinin birbaşa iştirakçısıdır, o cümlədən prezident Sarkisyan. Niyə Sarkisyan bürada müzakirə olunmur? O Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. Son hadisələr birdaha göstərdi ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və terror onların yeganə varolma səbəbidir. Amma niyəsə burada bu məsələlər müzakirəyə çıxarılmır.

Bu gün bu proseslərin çox təhlükəli bir perspektiv yaratdığını vurğulayan millət vəkilinin fikrincə, hüquq bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin edən ən unikal formuladır. «Amma çox təəssüflər olsun ki, bəziləri bu formulanı dəyişdirmək üçün səylər ortaya qoyur və biz bunu seyr edirik. Hüquq siyasi və digər gizli maraqlara qurban verilməməlidir. Ramil Səfərovun azadlığa çıxmasına hüquqi nöqteyi-nəzərdən deyil, erməni diasporunun təsiri və bəzi ifadə etmək istəmədiyim maraqlar kontekstindən yanaşmalar artıq hüququn bəzi dairələr üçün, o cümlədən, AŞPA kimi bir mötəbər qurumda təmsil olunan bəziləri üçün heç bir əhəmiyyət daşımadığını göstərir. Bu isə hər şeydən əvvəl AŞPA-ya olan etimadı və imnamı zədələyir»,-deyə Sahibə Qafarova qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi