ABŞ-da casusluğa görə saxlanılan şəxslərin arasında Azərbaycan vətəndaşının olduğu bir neçə gün öncədən təsdiqlənib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələni araşdırı.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu ölkədə saxlanılan Sevinc Tağıyevaya lazımı hüquqi və konsul köməyi göstərməklə bağlı təlimat verilib.
Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində casusluğa görə saxlanılan 8 nəfərdən 4-ü Rusiya vətəndaşı, qalan 4-ü isə (Şövkət Abdullayev, Lyudmila Baqdikyan, Sevinc Tağıyeva, Svetlana Zaqon) Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.
Onlar ABŞ-dan Rusiyaya mikroelektronikanın qanunsuz daşınmasında ittiham olunurlar və oktyabrın 2-də Hyustonda saxlanılıblar. Onlara qarşı cinayət sövdələşməsi və ümumi məbləği 50 mln. dollara yaxın yüksək texnoloji avadanlığın lisenziyasız ABŞ-ın hüdudlarından kənara çıxarılmasını qadağan edən qanunun pozulması ilə bağlı ittiham irəli sürülüb. Daşınan avadanlıq yeni MİQ-35 hərbi təyyarələri və yeni sualtı qayıqlar üçün nəzərdə tutulub. Amerikalı müstəntiqlər üç il həmin şəxslərin elektron yazışmalarını izləyiblər və telefon danışıqlarını dinləyiblər.
Modern.az