Millət vəkili Çingiz Qənizadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevlə Strasburqda görüşüb. Modern.az-ın deputatın görüşlə bağkı açıqlamasını təqim edir:
“Oktyabrın 3-də saat 22:00 radələrində Fransada mühaciratda olan Elnur Məcidli qaldığım otelə gələrək məni tapmış və Elşad Abdullayevin mənimlə görüşmək istədiyini bildirmişdir. Görüşdə mənim təşəbbüsümlə Strasburqda olan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı da iştirak etmişlər.
Görüş təxminən bir saata qədər çəkmişdir. İlkin olaraq mənim məlum yazımda qaldırdığım məsələləri mən bir daha konkret faktlarla onun özünə bildirdim. Elşad Abdullayev heç bir ciddi əks arqument gətirə biməyərək söhbəti əsasən onun qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı məsələyə yönəltdi.
Görüş zamanı yeni bir fikir söyləməyən E.Abdullayev mətbuatda işıqlandırılmış fikirlərini dəfələrlə təkrarladı.
Biz, ona Mahir Abdullayevin itkin düşməsi ilə bağlı fakta təəssüf etdiyimizi bildirdik. Səhərisi gün isə E.Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı müraciətini yazılı formada hüquq müdafiəçilərinin qaldığı otelə göndərmişdir.
Qeyd edim ki, biz hüquq müdafiəçiləri də Mahir Abdullayevin itkin düşməsi faktının obyektiv araşdırılmasını arzu edirik. Biz Strasburqdan qayıdarkən artıq bəlli oldu ki, hüquq mühafizə orqanları tərəfindən Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar birgə əməlliyyat istintaq qrupu yaradılmış və işin aparılması başqa müstəntiqə həvalə edilmişdir. Biz hüquq mühafizə orqanlarının bu addımını alqışlayırıq. Elşad Abdullayevin bizə etdiyi rəsmi müraciətini isə baxılıb araşdırılması üçün bu günlərdə hüquq mühafizə orqanlarına göndərəcəyik”.
Modern.az