Modern.az

Siyavuş Novruzov: “Deputatın hər addımı onun adına ləkə gətirməməlidir”

Siyavuş Novruzov: “Deputatın hər addımı onun adına ləkə gətirməməlidir”

Parlament

8 Oktyabr 2012, 15:05

Milli Məclisinin payız sessiyasında deputatların etik davranış kodeksinə dair qanunun qəbul olunması ilə bağlı təkliflər irəli sürülüb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ali qanunverici hakimiyyətin nümayəndələri hesab olunan deputatların etik davranışını tənzimləyən sənədin olmadığını, bu səbəbdən də deputatların etik davranışlarını tənzimləyən qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını təklif edib. Bu qanuna əsasən, millət vəkilləri Milli Məclisdən kənarda da müəyyən olunmuş kodekslərdən kənara çıxmamalı, bir sözlə yaşam tərzlərini bir növ bu kodeksə uyğun qurmalıdırlar. Hətta belə fikirlər də var ki, millət vəkilləri alkoqollu içkilər qəbul etməməli, çimərlikdə görünməməlidirlər. Onu da qeyd edək ki, dövlət qulluqçularının etik kodeksində göstərilib ki, dövlət qulluqçuları 50 manatdan bahalı hədiyyə qəbul edə bilməzlər. Əks halda bu, rüşvət hesab olunur.

Səsləndirilən bu cür məhdudiyyətlərin olması millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi deputatlar bu qanunu onların həyat tərzini dar çərçivəyə salmaq kimi qiymətləndiriblər. Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Modern.az saytına danışıb.

Millət vəkili bildirib ki, bu qanun layihəsinin hazırlanmasında, işlənməsində dünya praktikasından yararlanacaqlar. Dünyada bir çox sahələrdə olduğu kimi, bizdə də Milli Məclisin üzvləri üçün belə bir qanunun qəbul olunmasına ehtiyac var:

“Təbii ki, deputat da insandır. Onun hərəkətləri dar çərçivəyə salınmamalıdır. Amma millət vəkilləri cəmiyyətdə öz hərəkətlərinə, davranışlarına, həm parlament daxilində, həm də parlamentdən kənarda fikir verməlidir. Parlament daxilində təbii ki, bu daxili nizamnamə ilə tənzimlənir. Bu nizamnamədə göstərilir ki, hansı hallarda millət vəkili intizama dəvət oluna bilər. O, ki qaldı parlamentdən kənara,  bunun üçün çərçivələr müəyyənləşməlidir ki, bu çərçivələrə də uyğun addımlar atılmalıdır. Bu çərçivələr elə müəyyənləşdirilməlidir ki, deputatın hərəkətləri  onun mandatına xələl gətirməsin. Milli Məclisin üzvü olmaq, 45 min seçiçini təmsil etmək elə də asan deyil. Bütün ictimaiyyətin diqqətini cəlb edirsən. Odur ki, millət vəkilinin atdığı hər addım onun adına ləkə gətirməməlidir. Elə bu səbəbdən də belə bir kodeksin qəbul olunmasına ehtiyac var. Qanunun hazırlanmasında isə dünya praktikasından yararlanacağıq”.

Gültəkin Ələsgər       

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım