Modern.az

“BP ilə yaranan gərginliyin arxasında siyasi maraqlar dayanmır”

 “BP  ilə yaranan gərginliyin arxasında siyasi maraqlar dayanmır”

Təhsil

11 Oktyabr 2012, 12:08

“Neft hasilatının aşağı düşəcəyi qabaqcadan planlaşdırılıb”

Azərbaycan üçün mühüm tarixi əhəmiyyət daşıyan “Əsrin müqavilə”sinin imzalanmasında iştirak edən sabiq prezident köməkçisi, politoloq Eldar Namazov İngiltərənin bp şirkəti ilə hakimiyyət arasında yaranan gərginliyə münasibət bildirib. Bu barədə Modern.az-a açıqlama verən politoloq Azərbaycanda neft hasilatının düşməsində bp şirkətinin günahı olmadığını qeyd edib. Onun sözlərinə görə, hasilatın birdən-birə aşağı düşməsi qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilib.

“Neft sazişi bağlanandan sonra bunun həyata keçirilməsi ilə bağlı müəyyən iş planı hazırlanmışdı. Bu iş planına görə, əvvəldən də bəlli idi ki, neft hasilatı müəyyən müddət artacaq, pik nöqtəyə çatacaq. Bir müddət pik nöqtədə qaldıqdan sonra hasilat aşağı düşməyə başlayacaq. Bu əvvəldən nəzərdə tutulmuş bir plan idi.

Bir neçə il bundan öncə Azərbaycan rəsmiləri fəxrlə deyəndə ki, bizdə neft hasilatında 25 faiz artım olub. Bu analoqu olmayan bir artımdır. Bu əvvəldən hazırlanmış plan idi. Onlar özləri də yaxşı bilirdilər ki,hasilat düşərək 1 faizə çatacaq.  Burada təəccüb etmək lazım deyil”, - deyə E.Namazov vurğulayıb.

Politoloqun fikrincə, ingilis şirkəti ilə Azərbaycan hakimiyyəti arasında yaranan gərginliyin arxasında siyasi maraqlar dayanmır:

“Mənə elə gəlir ki, bu məsələdə ciddi qarşıdurma yoxdur. Ona görə ki, Azərbaycanla əməkdaşlıq bundan sonra da davam edəcək. Burada siyasi yox, daha çox psixoloji amil var. Cəmiyyətə izah etmək lazımdır ki, 3-4 il bundan qabaq artım 20-25 faiz idisə indi bu rəqəm xeyli aşağı düşüb. Bu baxımdan hesab edirəm ki, hər şeyi bp-nin boynuna atmaq düzgün deyil.”

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında neft hasilatının aşağı düşməsi ilə əlaqədar «Azəri», «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətini sərt tənqid edib. Ölkə başçısı bp şirkətini iş prosesində kobud səhvlərə yol verməkdə ittiham edib.

 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi