“Azərbaycanın master-planı başa çatmaq üzrədir. Bu master planda da ölkə ərazisində hər bir kəndin mövcud suyla təchizatının vəziyyəti, gələcək perspektivləri nəzərə alınacaq və buna uyğun addımlar atılacaq”.
Bunu Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, “Azərsu” ASC bütün ölkə üzrə master-plan hazırlayır. Ötən ildən Bakı şəhəri və Abşeron yarımadasının master-planının hazırlanmasına başlanılıb. Artıq bu sənəd başa çatmaq üzrədir. Bu yaxınlarda hazır olacaq. Onun sözlərinə görə, bununla paralel Azərbaycanın inkişaf master-planının hazırlanmasına başlanılacaq.
ASC sözçüsü onu da bildirib ki, “Azərsu” ötən ilin oktyabr ayının əvvəllərindən Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb.
“Prezidentin Zərdab şəhərinə səfəri zamanı “Azərsu” magistral kəmərlə bu şəhərə suyun verilməsinə nail oldu. İlkin layihədə Kür çayının suyunun təmizlənərək Zərdab şəhərinə verilməsi nəzərdə tutulmuşdu. Amma sonra prezidentin tapşırığı ilə həm kəndlərə, həm də əhaliyə keyfiyyətli su verilməsi üçün layihəyə dəyişiklik etdik. Buna görə də Ağsu rayonunda Küllü su mənbəyindən təmiz suyu Zərdab şəhərinə yönəltdik. Bu məqsədlə Küllüdən Zərdaba 70 km-lik məsafədən 450 mm-lik magistral su kəməri çəkdik. Artıq su Zərdab şəhərinin anbarına qədər gəlib çıxıb. Bu günlərdə biz həmin suyu mövcud şəbəkəyə qoşacağıq. Zərdabdakı mövcud şəbəkə Zərdab şəhərinin cəmi 50 faizinə su vermək imkanı verir”.
“Azərsu” rəsmisinin sözlərinə görə, Zərdab şəhərinin həm su təchizatını, həm də kanalizasiya sistemini yenidən qururlar.
A.Cəbrayıllının dediyinə görə, magistral kəmərlə yanaşı Zərdab şəhərinin özündə bütün şəhərin su təchizatının aparılması üçün şəbəkə qurulur. Bu çərçivədə 28 km-dən artıq su xətti çəkilib. 12 km-dən artıq kanalizasiya sistemi çəkilib:
“Bu layihə gələn il başa çatacaq. Eləcə də Küllüdən çəkilmiş həmin kəmər imkan verəcək ki, kəmər boyunca həm Zərdab şəhəri, həm də şəhərin yaxınlığında yerləşən 15 kəndə su verilsin. Bu da Zərdab rayonunun əhalisinin 60 faizi deməkdir. Ümumilikdə bu kəmər 2035-ci ilin inkişaf perspektivi nəzərə alınmaqla, Zərdab rayonunun 36 min əhalisinin 24 saat keyfiyyətli su ilə təchiz edilməsinə imkan verəcək. Gələn il bu layihə həm kəndlərin, həm də şəhərin su ilə təchiz olunmasına imkan verəcək. Növbəti mərhələdə isə Zərdab rayonunu digər kəndlərinə su təchizatının aparılması məqsədilə işlər görüləcək. Bildiyiniz kimi, Zərdab şəhərində kəndlərin bir qismində modul su təmizləyici qurğular tikilib. Bu qurğular imkan verir ki, həmin kəndin əhalisi təmiz su alsın. Növbəti mərhələdə biz digər kəndlərin su təchizatının aparılması ilə bağlı yeni layihələr işləyəcəyik”.
Gültəkin Ələsgər