Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri başlayır. İki günlük səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılacağı və yekunda birgə Bəyannamənin, eləcə də müxtəlif sahələrə aid sənədlərin imzalanması planlaşdırılır.
Bəs bu səfər iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək və Azərbaycana nələr verəcək?
Bu barədə Modern.az saytına müsahibə verən Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Eldar İbrahimov bildirib ki, Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana gəlməyi hər dəfə olduğu kimi Azərbaycan-Özbəkistan dostluğunun, iqtisadiyyatının, siyasətinin inkişafında çox önəmli yerlərdən birini tutacaq.
“Təbii ki, Özbəkistan bizim üçün çox vacib, qardaş bir dövlətdir və Özbəkistan dünyada 3 dövlətdən biridir ki, ərazi bütövlüyümüzü tanıyır və Ermənistanla heç bir diplomatik əlaqəsi yoxdur. Baxmayaraq ki, MDB dövlətləri içərisində Təhlükəsizlik Şurasının üzvüdür, Özbəkistan Azərbaycanı dəstəkləyir. Ona görə Azərbaycan-Özbəkistan eyni kökdən olan türk xalqları və qardaşdırlar. Prezidentlərimiz bir-birinə çox böyük hörmətləri olan insanlardır. İslam Kərimovun vaxtı ilə ulu öndər Heydər Əliyevlə dostluğu, indi bu dostluq İlham Əliyevlə dostluğa çevrilib”.
E.İbrahimov bildirib ki, İslam Kərimovun Azərbaycana rəsmi səfərinin Azərbaycan üçün əhəmiyyəti var. O bu səfəri yüksək qiymətləndirdiyini qeyd edib.
Eldar İbrahimov Azərbaycanla Özbəkistanın SSRİ zamanı ilə müqayisədə indi münasibətlərin o qədər də yaxın olmaması ilə bağlı fikirlə razılaşmır. Onun fikrincə Azərbaycan və Özbəkistan dövlətləri həm SSRİ zamanında, həm də indi yaxındırlar. “Bizim iqtisadi əlaqələrimiz çox möhkəm inkişaf edir. Elə bu yaxınlarda Özbəkistanın baş nazirinin müavini burada idi. Yəni əlaqələrimiz möhkəmdir, biz qardaş xalqlarıq. Aramızda soyuqluq olmayıb. Əksinə daha da əlaqələr möhkəmlənir”.
Azərbaycan və Özbəkistanın müttəfiq dövlətlər olduğunu deyən Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Aydın Abbasov bildirib ki, prezidentlərin görüşü çox yüksək səviyyədə keçəcək.
“Orta Asiyada Özbəkitsan ən nüfuzlu, ən güclü ölkələrdən biridir. Həm də burada bir ənənə var ki, ulu öndər Heydər Əliyevlə İslam Kərimov arasında isti münasibətlər olub və bu indi də davam edir. Müxtəlif sahələrdə də danışıqlar aparılacaq”.
A.Abbasov görüşdə Dağlıq Qarabağ məsələsi üzərində də geniş söhbətlərin gedəcəyinə şübhə etmədiyini deyib. “Çünki Özbəkitsan BMT-də məhz Dağlıq Qarabağın Azərbaycan torpaqlarına aid olduğuna dair öz sözünü də deyib. Çox yüksək səviyyədə səfər olacaq və danışıqlar yüksək səviyyədə keçəcək”.
Aytən ƏLİYEVA