Qafqaz bütün bəşər tarixi boyu daim təlatümlü bir region olub. Bu, ilk növbədə regionun coğrafi və strateji mövqeyi, eləcə də müxtəlif dinlərin və sivilizasiyaların kəsişməsində yerləşmə ilə əlaqədardır. Bu faktorlar yaşadığımız minillikdə də Qafqazın geosiyasi mövqeyinin müəyyən olunmasında əhəmiyyətli yer tutur.
Keçmiş Sovet İttifaqında İosif Stalin tərəfindən tərtib olunan millətlər siyasəti səbəbindən ruslar və gürcülər arasındakı anlaşılmazlıq kəskinləşməkdə davam edirdi.
Ancaq 2008-ci ilin avqust ayında Rusiya və Gürcüstan arasında başlanan və hər iki tərəfin bir-birini günahlandırğı müharibə iki xalq arasındakı problemləmləri pik həddinə çatdırdı.
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qərbyönümlü siyasəti, NATO üzvlüyünə qəbul olmaq istəyi iki ölkə arasındakı geosiyasi ziddiyyətləri gücləndirdi və nəhayət Kreml buna reaksiya verdi.
Rusiya beş gün ərzində Gürcüstan ordusunu az qala darmadağın edəcəkdi. Rusiya ancaq Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı üçün beynəlxalq təzyiqlə qarşılaşdıqdan sonra işğalı dayandırdı.
İndi hələ də Gürcüstanın bəzi əraziləri Rusiyanın nəzarəti altındadır. Bəs Gürcüstan beynəlxalq aləmdə ərazi bütövlüyünü təmin etmək üçün hansı addımları atır?
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev Modern.az-a deyib ki, Gürcüstan artıq uzun müddətdir ki, dünyaya çağırışlarını edir:
“Dünyaya səslənir ki, Rusiyanın Gürcüstanın ərazini işğal etməsinə layiqli cavab versinlər. Çünki Gürcüstan çalışır ki, ərazi problemini sülh yolu ilə həll etsin. Beynəlxalq təşkilatlar və qurumlar hamısı bundan xəbərdardır, onlara mütəmadi olaraq Rusiyanın Gürcüstanin ərazi bütövlüyünü pozması ilə bağlı məlumat verilir. O cümlədən də Gürcüstanda olan diplomatik korpusun nümayəndələri demək olar ki, mütəmadi olaraq sərhəd bölgəsinə gedirlər. Ordakı vəziyyət ilə tanış olub, ictimaiyyəti məlumatlandırırlar. Bütün lazımlı addımlar atılır ki, BMT və başqa böyük nüfuzlu qurumların qətnamləri, təyziqləri Rusiyaya qarşı olsun və Gürcüstana qarşı bu cür ərazi iddaları aparılmasın, işğal olunan ərazilərdən dərhal çıxılsın. Gürcüstan tərəfinin bu saat apardığı yeganə siyasət sülh siyasətidir və qonşu ölkələrdən maksimum şəkildə dəstək əldə etmək istəyir ki, artıq gələcəkdə bu cür halların qarşısı alınsın”.
Aysel Məhərrəm