Modern.az

Qərbi azərbaycanlılardan yığılan pasportların aqibəti necə oldu...

Qərbi azərbaycanlılardan yığılan pasportların aqibəti necə oldu...

9 İyul 2021, 11:40

1988-1991-ci ildə Qərbi azərbaycanlıları deportasiya edəndə onların pasportları   yığılmışdı. Bəs həmin pasportların aqibəti necə oldu?


Modern.az
-ın əməkdaşı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə danışıb:


“Bəziləri elə güman edir ki, 1988-1992-ci illərdə Qərbi Azərbaycandan gələnlərin qaçqınlıq statusu ləğv olunub. Bunu deyənlərin çoxu da məmurlardır. Görünür, hansısa subyektiv səbəbdən bu, onlara sərf edir, yaxud özlərini müəyyən öhdəliklərdən və məsuliyyətdən azad hiss edirlər. Ya da dövlət xidmətçisi olan bu məmurlar dövlət qanunlarından və dövlət başçısının fərmanından xəbərsizdirlər.

Belə ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanının 1-ci bəndində bu status birdəfəlik təsbit olunub”.


Ə.Ələkbərli qaçqınların həmin pasportlarının arxivlərdə saxlanıldığını qeyd edib:


“Sovet pasportları Azərbaycan şəxsiyyət vəsiqələri ilə əvəz olunanda Daxili İşlər Nazirliyinin rayon şöbələrinin “pasport-stolları” tərəfindən qaçqınların da “Ermənistan pasportları” əllərindən alındı və əvəzinə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri verildi. Sonralar şayiə yayıldı ki, həmin pasportlar yandırılıb. Amma Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, həmin pasportlar yandırılmayıb, nazirliyinin arxivində saxlanılıb. Təbii ki, o pasportlar bizim Qərbi Azərbaycanda yaşadığımızı təsdiq edən çox mühüm sənədlərdir. Onların yandırılması dövlətə qarşı cinayət olardı, bu cinayəti törədənlər isə dövlətə və millətə xəyanətdə cəzalandırılmalı idilər”.


Deputatın sözlərinə görə, ermənilərin sovet dönəmində adını dəyişə bilmədiyi toponimləri bəzi “qəhrəmanlar” sənədlərdən sildilər:


“O vaxt Qərbi Azərbaycan qaçqınlarına Azərbaycan şəxsiyyət vəsiqələri veriləndə bir qaranlıq məqam da özünü göstərdi, Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələrində onların doğulduğu rayonun və kəndin adı yazıldığı halda, Qərbi Azərbaycan qaçqınlarının şəxsiyyət vəsiqələrində ancaq onların doğulduğu rayonun adı yazıldı, kəndin adı yazılmadı.


Başqa sözlə, məsələn, Amasiya rayonunun Güllücə, Oxçoğlu, Güllübulaq, Qaraçanta, Çaxmaq, İbiş, Mağaracıq, Daşkörpü, Qoncalı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Qarabulaq və 20-yə yaxın yaşayış məntəqəsindən 20 min nəfərə yaxın azərbaycanlı qovulsa da, onların şəxsiyyət vəsiqəsinə cəmi bir yaşayış məntəqəsinin adı yazıldı – Amasiya! Digər 20-yə yaxın türk toponimiz itirildi. Yəni erməninin 70 illik sovet dönəmində adını dəyişə bilmədiyi toponimləri bizim “qəhrəmanlar” sənədlərdən sildilər.


Bəlkə də bu planlaşdırılmış bir aksiya idi. Ermənilər də 30 il ərzində Qarabağdakı torpaqlarımızdan bütün izlərimizi sildilər ki, biz bir də o torpaqlara qayıtmayaq. Lakin Ali Baş Komandanımızın “dəmir yumruq”u ilə ermənilərin bütün mifləri darmadağın oldu və biz o torpaqlara qayıtdıq, heç bir qüvvə qarşımızı kəsə bilmədi. Qərbi Azərbaycana qayıdış məsələsində də heç bir qüvvə bizim qarşımızı kəsə bilməz, biz mütləq doğma yurdlarımıza – Qərbi Zəngəzura, Göyçəyə, İrəvana və digər mahallarımıza qayıdacağıq”.



Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər