Müsavat Partriyasının yaranmasından 101 il ötür. Azərbaycanın siyasi tarixindən mühüm rol oynayan Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiyanın ilk qurucuları görkəmli şəxsiyyətlər Məmmədəmin Rəsulzadə, Məhəmməd Əli Rəsuloğlu, Abbas Kazımzadə, Tağı Nağıoğlu olublar.
Yüz illik tarixi olan Müsavat Partiyasının ilk başqanı Məmmədəmin Rəsulzadə olub. Partiyanın ikinci başqanı kimi Mirzəbala Məmmədzadə tarixə düşüb. Xatırladaq ki, partiya təsis edildikdən sonra təşkilatın ilk proqramı 9 maddədən ibarət olub. Proqram daha çox islami xarakter daşıyıb. 1913-cü ildən, M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının Proqramı daha da təkmilləşdirilir. Belə ki, 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunmağa başlayıb.
Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda "İsmailiyyə" binasında keçirilib.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edildikdən sonra dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında böyük işlər görüb.
1991-ci ilin iyununda Yeni Müsavatın I qurultayında N. Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə isə Müsavatın bərpa mərkəzi yaradılır. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın başqanı seçilib. Hazırda İsa Qəmbər Müsavat başqanı olaraq siyasi fəaliyyətini davam etdirir.
A.RÜSTƏMOV