ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonda Azərbaycan-Amerika Mədəniyyət Alyansını ziyarət edib. Modern.az-ın məlumatına görə, deputat səfər zamanı Azərbaycan-Amerika Mədəniyyət Alyansının (Azerbaijani American Cultural Alliance - AACA) direktoru İsmail Əhmədovla görüşüb.
Millət vəkili Qənirə Paşayeva və TÜRKSOY-un sədri Düsen Kaseinov onlarla geniş fikir mübadiləsi aparıb. Görüş zamanı ABŞ-da minlərlə azərbaycanlının yaşadığını vurğulayan deputat bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu bildirib.
Q.Paşayeva bildirib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Qeyd edək ki, ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Texasda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş katibi Yusif Babanlı ilə də görüşüb.