Modern.az

“Allaha yalvardım ki, ermənilərin gözünü bağla, qardaşımın meyitini götürüm” - Keçmiş döyüşçü

“Allaha yalvardım ki, ermənilərin gözünü bağla, qardaşımın meyitini götürüm” - Keçmiş döyüşçü

13 Oktyabr 2012, 10:16

Elman Süleymanov: “Düşmən qardaşımın 10 yaşlı oğlunu öldürmüşdü. Amma biz qoca erməni çobanlarını öldürməyi qeyrətimizə sığışdırmadıq”


Elman Süleymanov Zəngilanda yerli özünümüdafiə taborunun ilk əsgəri olub. Bir çox qanlı döyüşlərdə iştirak edən Elman möcüzə nəticəsində sağ qalıb.
Modern.az saytı keçmiş döyüşçülərlə silsilə söhbətlərin təqdimatını davam etdirir...

Zəngilanın ilk əsgəri

Zəngilanda 144 saylı orta texniki-peşə məktəbini bitirən E.Süleymanov 1990-cı ildə ali təhsil almaq üçün Ukraynaya getmək istəyib. Amma atası Süleyman kişi oğlunun doğma kəndi tərk etməsinə razı olmayıb:
“Atam dedi ki, ermənilər hər gün kəndlərimizə hücum edir. Belə ağır vaxtda Zəngilanı tərk etsən, verdiyim çörəyi sənə halal etmərəm. Atamın bu sözündən sonra ali təhsil almaq fikrindən daşındım. 1990-cı il oktyabr ayının 9-da Zəngilanda yerli özünümüdafiə taboruna yazıldım. Həmin vaxt taborda cəmi 3 zabit vardı. Beləliklə, mən Zəngilanda yerli özünümüdafiə taborunun ilk əsgəri oldum”.

E.Süleymanov əvvəlcə Zəngilanın Kollu kəndində düşmənlə üzbəüz yerləşən mövqelərdə posta çıxıb. Sonra isə onu və döyüşçü dostlarını ermənilərin hücumuna məruz qalan kəndlərə göndəriblər. Buna görə də Elman Zəngilan uğrunda gedən bütün qanlı döyüşlərdə iştirak edib:

“Biz ailədə 5 qardaşıq. 1992-ci ildə mən və daha 3 qardaşım Milli Orduda xidmət edirdik. Rəhmətlik Baloğlan tank komandiri idi. O, ixtisasca mexanizator olduğu üçün tankın “dilini” yaxşı bilirdi. Biz kürək-kürəyə verib, bir çox qanlı döyüşlərdə iştirak etmişik. Bir dəfə ermənilər Şayıflı kəndi istiqamətində hücuma keçmişdilər. Aralarında 500-ə yaxın rus əsgəri də vardı. Dərhal bizim bölüyü köməyə çağırdılar. Hücumu dəf etmək üçün ermənilərin arxasına keçdik. Amma düşmən bundan xəbər tutduğu üçün bizi “tələ”yə saldı. Nə qədər cəhd etsək də, mühasirədən çıxa bilmədik. Axırda özümüzü Həkəri çayına atıb, çətinliklə də olsa geri qayıda bildik”.

10 yaşlı qardaşı oğlu şəhid olub

Zəngilanı qorumaq üçün silaha sarılan Süleymanovlar ilk itkini 1992-ci ilin avqustunda veriblər. Avqust ayının 21-də Baloğlan Süleymanovun 10 yaşlı oğlu Sadiq Süleymanov erməni tankından açılan mərmi ilə faciəli şəkildə həlak olub:

“Həmin vaxt mən alayda idim. Rəzdərə istiqamətində qızğın döyüşlərin getdiyini eşidəndə, dərhal silahlanıb dostum Namiqlə birlikdə öz kəndimizə getdim. Kəndə çatanda eşitdim ki, ermənilər tankdan açdıqları atəşlə qardaşım oğlu Sadiqi qətlə yetiriblər. Birbaşa evə getdim. Gördüm ki, Sadiqin cəsədini həyitin ortasına qoyub, üstünü də ağ mələfə ilə örtüblər. Dünya başıma fırlandı. Dərhal silaha əl atdım. Bu vaxt Baloğlan da gəlib çıxdı. Biz Sadiqin cəsədini həyətin ortasında qoyub, ermənilərin yaşadığı Hənd qəsəbəsinin üzərinə hücuma keçdik. Tankla bu qəsəbəni bir müddət atəşə tutandan sonra geri qayıtdıq. Camaat artıq Sadiqi dəfn etmişdi. Baloğlan dedi ki, oğlumun qisasını almasam, onun qəbrinin üstünə getməyəcəm. Axşam Baloğlan, Elşən, Namiq, Pənah və mən silahlanıb, ermənilərdən qisas almağa getdik. Gecə səhərə kimi meşə ilə yol gedib, bir erməni kəndinə çatdıq. Gördük ki, kəndin kənarında bir neçə çoban qoyun otarır. Hamısı yaşlı ermənilər idi. Düşmən ürəyimizə nə qədər ağır dağ çəksə də, qoca və silahsız adamları öldürməyi qeyrətimizə sığışdırmadıq.
Avqustun 22-də səhərdən axşama kimi Sadiqi öldürən tankı axtardıq. ”Qızlar ağacı” adlanan yüksəklikdə özümüzə mövqe seçmişdik. Həndə qəsəbəsindən “Qızlar ağacı”na yalnız bir yol qalxır. Biz bilirdik ki, həmin tank bu yolla “Qızlar ağaca”na gəlib, Zəngilanın kəndlərini vuracaq. Gecə səhərə kimi öz mövqeyimizi tərk etmədik. Səhər saat 6-da gördük ki, bir “Niva” bizə doğru irəliləyir. Maşının içində 4 erməni hərbçisi vardı. Biz qaranatatanla “Niva”nı vurub, ermənilərin dördünü də öldürdük. Sonra isə dərhal həmin ərazidən uzaqlaşdıq. Beş kilometr məsafə qət edəndən sonra Kilsə kəndinə yaxın bir ərazidə özümüzə mövqe seçdik. Burdan erməni tankının hərəkət trayektoriyasını müşahidə etmək daha asan idi. Səhər saat yeddidən günorta ikiyə kimi həmin tankın gəlməsini gözlədik. Düz 3 günüydü ac idik. Aclıq və yuxusuzluq bizi əldən salsa da, heç kim geri qayıtmaq istəmirdi. And içmişdik ki, Sadiqin qisasını almasaq, kəndə qayıtmayacağıq. “Niva”dakı 4 ermənini öldürməyimiz də hirsimizi soyutmamışdı. Bir müddət də gözləyəndən sonra Kollu kəndi ilə üzbəüz yerləşən erməni postunun arxasına keçdik. Baloğlan dedi ki, mən qranatatanla “blendaj”dakı erməniləri qıracam, siz də postdakı əsgərləri aradan götürün. Baloğlanın işarəsi ilə əməliyyat başladı.O, qranatatanla arxa qapıdan “blendaj”ın içini vurdu. Biz isə postdakı əsgərləri atəşə tutduq. Postdakı əsgərləri zərərsizləşdirəndən sonra Baloğlanın köməyinə getdik. Biz ona çatanda gördük ki, Baloğlan qranatatanla “blendaj”dakı əsgərlərin çoxunu öldürüb. Məqsədimiz “blendaj”dakı ermənilərin hamısını öldürmək idi. Buna görə də “blendaja” 18 əl bombası atıb, bir nəfərin də sağ qalmağına imkan vermədik. Ertəsi gün öyrəndik ki, postdakı əsgərlərlə birlikdə 25 erməni öldürmüşük. Əməliyyatı uğurla başa çatdırıb, kəndə qayıtdıq. Beşimz də bir yerdə Sadiqin qəbrinin üstünə getdik. Baloğlan Sadiqin qəbrini qucaqlayıb dedi ki, ay oğul, qisasını aldım, rahat uyu...”

Möcüzə nəticəsində sağ qalıb

Oğlunu öldürən erməni tankını ələ keçirmək Baloğlan Süleymanova 1993-cü il aprel ayının 10-da nəsib olur. Həmin vaxt Azərbaycan Ordusu ermənilərin yaşadığı Kilsə kəndinin və Hənd qəsəbəsinin üzərinə hücuma keçib:

“Zəngilanın Kollu kəndi ilə üzbəüz yerləşən erməni postunu məhv edəndən sonra Baloğlanı kəşfiyyat bölüyünün komandiri təyin etdilər. Həmin vaxt mən də kəşfiyyat bölüyündə xidmət edirdim. Bölüyümüzdə 100-ə yaxın əsgər vardı. Bizə gecə dağ yolu ilə gedib, Şıxavız kəndini mühasirəyə almaq tapşırılmışdı. Səhər 6-da ermənilərin arxasına keçib, Şıxavız kəndini mühasirəyə aldıq. Bundan bir neçə dəqiqə sonra döyüş əmri verildi. İlk işimiz Sadiqi vuran tankın ekipajını öldürmək oldu. Amma tanka çox zərər vermədik. Tankı ələ keçirən kimi yaxınlıqdakı Kilsə kəndinin üzərinə hücuma keçdik. Ermənilərlə bizim aramızda şiddətli döyüş oldu. Biz həmin gün ermənilərin yaşadığı bir qəsəbəni və 2 kəndi ələ keçirdik. Qənimət olaraq 1 tank, 1 BMP, 2 iriçaplı top və 100-ə yaxın silah-sursat götürdük. Kilsə kəndi uğrunda gedən döyüşlərdə ermənilərin qranatatanla açdıqları atəş nəticəsində bir mərmi də mənə dəydi. Zərbənin təsirindən əynimdəki qoruyucu zireh parça-parça olub, yerə töküldü. Həmin gün möcüzə nəticəsində sağ qaldım”.

Qardaşının meyitini 3 kilometr kürəyində daşıyıb

1993-cü il oktyabr ayının 25-də Süleymanovlar vətən uğrunda ikinci dəfə şəhid veriblər. Kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov həmin gün qəhrəmancasına şəhid olub:

“Ermənilər Horadiz yolunu bağladıqları üçün Zəngilan mühasirədə qalmışdı. Baloğlan öz bölüyü ilə Cəbrayıl rayonunun ərazisinə keçib, ermənilərin Zəngilana girməsinə mane olmağa çalışırdı. O, öz əsgərləri ilə birlikdə oktyabrın 24-dən 25-nə keçən gecə səhər saat 5-ə kimi ermənilərə müvaqimət göstərib. Amma əsgərlərin çoxu şəhid olduğu üçün Baloğlan bir neçə nəfərlə Araz sahilinə çəkilmək istəyib. Ermənilər Baloğlanı və sağ qalan bər neçə əsgəri elə səngərdəcə vurublar.
Həmin vaxt mən qərargah rəisinin köməkçisi işlədiyim üçün bu döyüşdən bir az gec xəbər tutdum. Baloğlanın şəhid olduğunu əvvəlcə məndən gizlətdilər. Dedilər ki, öz bölüyü ilə birlikdə İrana keçib. Bu sözlərə inanmadım. Dedim ki, Baloğlan ölər, amma ermənilərin qabağından qaçmaz. Bundan sonra onun axtarışına çıxdım. Həmin vaxt bizimkilər 5 kilometr geri çəkilmişdilər. İki-üç gün Baloğlanı axtarsam da, onun nə ölüsünü, nə də dirisini tapa bildim. Avqustun 28-də mülki paltar geyinib, İrana getdim. Araz çayının qırağı ilə təxminən 30 kilometr irəliləyəndən sonra Cəbrayıl rayonunun ərazisinə keçdim. Cəbrayılın Xələfli, Qumlaq və Dərzili kəndlərini keçib, Baloğlanın bölüyünün döyüşdüyü əraziyə çatdım. Saat 11 idi. Uzaqdan baxanda bir neçə meyit gördüm. Bildim ki, Baloğlanın da cəsədi orada olacaq. Sürünə-sürünə meyitlərin 100 metrliyinə qədər getdim. Burdan Baloğlanın cəsədi daha aydın görünürdü. Onu səngərdə vurmuşdular.Ətrafda daha 7 meyit vardı. Üç erməni meyitlərin yanında dayanıb, söhbət edirdilər. Üzümü Allaha tutub dedim ki, ey yerin-göyün sahibi, bu ermənilərin gözünü bağla, qardaşımın meyitini aparım. Bu vaxt şösse yolunda bir maşın göründü. Ermənilərin üçü də bir yerdə həmin maşına tərəf irəlilədilər. Fürsəti əldən verməyib, cəld meyitlərə yaxınlaşdım. Baloğlanın cəsədini götürüb, həmin yerdən uzaqlaşdım. Çətinliklə də olsa, 3 kilometr yol qət edib, Cəbrayılın Dərzili kəndinə çatdım. Baloğlanı 3 gün əvvəl vurduqları üçün cəsədi çox ağır idi. Mən özüm də neçə gündən bəri ac-susuz olduğum üçün yeriməyə taqətim qalmamışdı. Dərzili kəndində bir çala tapıb, Baloğlanın meyitini orda gizlətdim. Üstünü də yarpaqla örtdüm ki, ermənilər gəlsələr, cəsədi tapa bilməsinlər. Sonra isə kənddəki evlərdən birinə gedib, bir az kiflənmiş çörək və mürəbbə tapdım. Bir-iki tikə çörək, üç-dörd qaşıq da mürəbbə yeyib özümə gələndən sonra əsgərlərimizin yanına qayıtdım. Komandirin mənə qoşduğu əsgərlərlə birlikdə geri qayıdıb, Baloğlanın meyitini götürdük. Sonra isə çətinliklə də olsa, İran rəsmilərindən icazə alıb, Baloğlanın cəsədini Azərbaycana gətirdik. İndi Baloğlan Tərtər rayonunun Köçərli kəndində uyuyur. Əsirlikdə olan yurdlarımıza yaxın olduğu üçün bu rayonu seçdik...”

Seymur VERDİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI