Modern.az

Qəzet oxuyursunuz?.. - Tanınmışlarla SUAL-CAVAB

Qəzet oxuyursunuz?.. - Tanınmışlarla SUAL-CAVAB

15 İyul 2021, 15:32

İnternet günümüzün demək olar ki, ayrılmaz faktoruna çevrilib. Hər an internet vasitəsilə müxtəlif məlumatlar alır və ötürürük. İndi hər cür informasiyanı internetdən - sosial mediadan, xəbər saytlarından rahatlıqla əldə edə bilirik. Bu səbəbdən də internetsiz həyatı artıq təsəvvür etmək belə mümkün deyil.


İnternetdən istifadə bizi çap mediasından da xeyli uzaqlaşdırıb. Xəbər axtarışında olan, ölkə və dünya gündəmini izəyən hər kəs internet mediasından istifadə edir. Daha qəzet-jurnallara o qədər də maraq göstərilmir.

 

İndi qəzet-jurnal oxuyanları yəqin ki, barmaqla saymaq olar.

 

Bəlkə səhv fikirləşirik? Qəzet və jurnal oxuyan çoxdur?

 

Modern.az-ın əməkdaşı bir qrup şəxsi bu mövzuda sorğu edib.


60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalı nadir hallarda qəzet oxuyur, əsasən internet mediasına üstünülk verir:


“Mən informasiyanı internet resurslarından, saytlardan əldə edirəm. Az-çox oxuduğum qəzet olaraq  “Yeni Müsavat”ı misal göstərə bilərəm”.

 
Jurnalist-şərhçi Azər Rəşidoğlu qəzet və jurnalların heç vaxt yoxa çıxmayacağını söyləyib:


“Qəzet və jurnal heç vaxt yoxa çıxmayacaq. Mən kitab, qəzet, jurnalları internet vasitəsilə oxumağa çətinlik çəkirəm, o qoxunu - köhnə jurnalistlər bunun nə olduğunu bilir - hiss eləməsəm, zövq ala bilmirəm. Lakin internet mediasının və internet kitablarının həyatımızın bir hissəsi olduğunu qəbul etməliyik.

Hazırda daim oxuduğum qəzet yoxdur. 90-cı illərdə olan qəzetlər yenə dərc edilsəydi, yenə də növbəyə durub alardım. Düşünürəm ki, qəzet variantı barədə düşünməliyik. Partiya orqanı olmayan, intellektual qəzet və jurnala ehtiyac var. Arada bu barədə düşünürəm – bəlkə qəzetçiləri yığıb, bir qəzet buraxaq?

Bəzən hansısa məqaləyə görə müəyyən mətbu orqanı alıram. Gündəlik bütün yerli və xarici saytları izləməyə çalışıram. Lakin qəzeti print variantda izləməyə əlavə vaxt qalmır”.
 

21 saylı Nəsimi birinci seçki dairəsinin deputatı Məlahət İbrahimqızı da nadir hallarda çap mediasından istifadə etdiyini söyləyib:


“Hazırda nəinki saytlar, hətta Facebook sosial şəbəkəsindən daha çox məlumat alırıq. Yəni daha çox internet mediasından istifadə edirik.. Getdikcə biz ehtiyacımızı internetdən ödəyirik. Çox nadir hallarda olur ki, print mediadan istifadə edək. Həqiqətən də qəzetlər birmənalı olaraq informasiya məkanından çıxmaq üzrədir. Mən də ən çox internet mediasından istifadə edirəm”.

 

“Radio Antenn 101 FM”in aparıcısı Əzizə İsmayılova çap mediasının dirçəldilməsi üçün addımlar atılmasını təklif edir.

 

“Bu günün ən aktual məsələlərindən biri də internet və ənənəvi media məsələsidir. Təbii ki, qəzet və jurnal oxuyuram. Lakin səmimi deyə bilərəm ki, o da əlimə düşəndə və ya məhz hansısa yazını oxumaq lazım gələndə... Arada köşklərin yanından keçəndə də qəzet aldığım olur. Məhz yenilik olub-olmadığını yoxlamaq üçün alıram.

 

Ötən il “Ədalət” qəzetinə abunə idim, bu il də onunla yanaşı, bir neçə qəzetə abunə olmağı düşünürəm. Düzdür, bəzi həmkarlar düşünür ki, “qəzet-jurnal dövrü keçib, artıq onlara ehtiyac yoxdur, hamı hər şeyi internetdən öyrənir”. Bu fikirlə razı deyiləm. Hətta tam əksini düşünürəm. Hesab edirəm ki, qəzet və jurnallara daha çox imkanlar yaradılmalı və çap mediası dirçəldilməlidir. Səbəb kimi isə o məhşur “Əlyazmalar yanmır” ifadəsini göstərə bilərəm”.


Ə.İsmayılova çap mediasının daha etibarlı olduğunu bildirib:


“Çap mediası daha etibarlıdır, nəinki internet mediası. Bəli, internet mediası bu gün sürətlidir, amma sabah üçün nə dərəcədə etibarlıdır? Hər hansısa bir sayt bağlansa, bütün yazılar məhv olur. Sanki belə bir şey heç olmayıb. İkinci bir misal internet mediada hər hansı bir yazı gedir və sonra müəyyən səbəblərdən silinir. Çap mediasında isə bu, mümkün deyil. Ona görə çap mediası sabah üçün, gələcək üçün daha etibarlıdır.

 

Belə bir fikir də var ki, qəzet-jurnallarda gündəlik xəbərlərə ehtiyac yoxdur, çünki qəzet bir gün sonra çap olunur, o vaxta kimi isə məlumat köhnəlir. Bu fikirlə də razı deyiləm. Bu gün üçün o məlumatlar bizə köhnə görünə bilər, amma gələcək üçün o məlumatlar tarixdir və heç vaxt köhnəlmir. Bu səbəbdən də düşünmürəm ki, hər şeyə məhz bu günün gözü ilə baxmalıyıq.

 

“Hansına üstünlük verirəm” sualına gəlincə, təbii ki, işimin tələbi ilə internet mediasına üstünlük vermək məcburiyyətindəyəm, amma çap mediasından aldığım zövqü, internet mediadan ala bilmirəm. Əlində qəzet və ya jurnal tutmaq, onu səhifələmək bir ayrı zövqdür. Üstəlik çap mediasında oxuduqlarım daha çox hafizəmdə qalır, nəinki internet mediasında. Çap mediasının əlçatanlığı təmin olunsa, məmnuniyyətlə ona üstünlük verərəm”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birıliyin sədri Mehriban Zeynalova vaxt məhdudiyyətinə görə internet mediasından istifadə etdiyini deyib:


“Səmimi deyim, mən daha çox internet resurslarından isatifadə edirəm. Bunun da səbəbi zamanın olmamasıdır. Qəzetlərin harada satıldığını o qədər də bilmirəm. Kiosklar əvvələr çox idi. Və göz oxşayırdı. İndi qəzet köşkləri o qədər də çox olmadığına və orada daha çox başqa əşyalar satıldığına görə, çap mediası əlçatan deyil. Yaxın yer də yoxdur ki, düşüb maraqlanasan.

 

Mən vaxtı ilə qəzetləri monitorinq edirdim. O özü də ayrı bir zövq idi. Qəzet oxumaq, materiallara baxmaq, arxiv kimi saxlamaq maraqldır. Amma təəssüf ki, indi internet dövrüdür, qəzet-jurnallara dönmək istəyən də görürsən ki, artıq yoxdur”.

 

Jurnalist Etibar Cəbrayıloğlu da həyatını artıq internetsiz təsəvvür edə bilmir:

 

“Artıq həyatımızı internetsiz, onlayn mediasız təsəvvür etmək mümkün deyil. Amma “Çap mediasının ömrü başa çatdi” deyib, tez sevinənləri də başa düşmürəm. Özüm “Ədalət”, “525-ci qəzet”i, “Şərq”, “Ədəbiyyat”i oxuyuram”.

 

Xalq artisti, xanənəndə Mənsum İbrahimov qəzetləri yox, elektron mətbuatı izlədiyini bildirib:

 

“İnternet mediası tətbiq olunandan sonra təbii ki, ona daha çox üstünlük verirəm. Demək olar ki, gün ərzində vaxt olduqca izləyir, nəzər yetirirəm. Gündəlik ölkəmizdə baş verən hadisələri saytlardan öyrənirəm. Daha çox mədəniyyət və Qarabağımızla bağlı xəbərləri izləyirəm. Bir sözlə, elektron mətbuata üstünlük verirəm”.

 

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının şöbə müdiri, radioloq həkim Aydın Əliyev də qəzet oxuyanlar sırasında deyil. O da məlumatları əsasən internet mediasından əldə etdiyini deyib.

 

İqtisadçı ekspert Natiq Cəfərli gündəlik qəzet, jurnalları elektron versiyadan oxuduğunu söyləyib:

 

“Gündəlik qəzet, jurnallar və saytları mütləq oxuyuram. Amma çap şəkilində yox, təəssüf ki, elektron versiyadan oxuyuram. Artıq bu versiyaya öyrəşmişik.

 

Azərbaycandakı xəbər saytlarını izləməyə çalışıram. Təəssüf  ki, son zamanlar alıb oxuduğum qəzet və jurnallar demək olar ki, yoxdur. Çünki hamımız elektron versiyada oxumağa öyrəşmişik. Artıq bu, həyat tərzinə və gündəlik vərdişə çevrilib”.


“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qəzet oxumur, bəzi jurnallara həftədə bir dəfə nəzər yetirir, əsaən saytları izləyir:


“Yerli xəbərləri onlayn mediadan oxumağa üstünlük verirəm. Bununla yanaşı,  dünya xəbərlərini də saytlardan izləyirəm. Bəzi jurnallara arada-bir baxıram. Çox oxumasam da, həftədə ən azı bir dəfə vərəqləyib nəzər yetirirəm”.

 

Deputat-həkim İlham Məmmədov xəbərləri internet mediasından yox, qəzet və jurnallardan oxunmağın tərəfdarıdır, amma..


“Bu doğurdan da çox vacib bir məsələdir. İnternetdən yox, qəzet və jurnallardan oxunmağın tərəfdarıyam. Bu mənim bir həkim kimi fikrimdir. Çünki kitab, qəzet və jurnal oxumaq özü tibbi və müalicəvi bir prosedurdur.  Biz vaxtı ilə məlumatları kitablardan alaraq, biliklərimizi zənginləşdirmişik. Həmin kitabların rəngli şəkilləri ilə böyümüşük. Nağılların personajlarını vizual olaraq gözümüzlə görüb, onu beynimizə həkk etmişik. Təəssüflər olsun ki, bu gün hansısa gəncə son vaxtlar hansı kitabı oxuduğu haqqında sual versəniz, onlardan  cavab ala bilməyəcəksiniz.


Biz kitab üzərində vizual olaraq, göz hərəkətlərini etməklə özümüzün daxilində yığılan enerjini kənara atmış oluruq. Şüaraltı olaraq, oxuduqlarımızı daha tez qavraya bilirik. İnternet mediasının səhifələrində reklam yazıları və ya xoşagəlməyən şeyləri təbliğ edən yazılar göz yorur. Və yaxud da hansısa bir oyun, lüzumsuz insan beynini qatışdıran pis təsir edə biləcək məqamlar ortaya çıxır. İstər-istəməz fikir yayınır. Oxuduğunu da düzgün dərk edə bilmirsən. Əlbəttə, mən internet mediasının əleyhinə deyiləm.


Çünki internet mediasının əhəmiyyəti danılmazdır, bunu Vətən müharibəsi zamanı da gördük. İnformasiyaların vaxtında alınıb, düzgün təbliğat aparılması təbii ki, bunlar hamısı öz yerindədir.

 

Yazılan kitablar isə əbədi qalır, silinmir. Qəzet, jurnal və kitabların nəşri davam etdirilməlidir. Çünki hər birinin öz yeri var.
Kitab, qəzet və jurnalın çap, oxu variantının olmasına daha çox üstünlük verirəm. Dünyagörüşünün formalaşması və çoxalması üçün kitab oxumaq çox önəmlidir. Kitabdan oxumağı təbliğ edirəm və tərəfdarıyam”.

 

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir