Modern.az

Partiya sədri puldan narazılıq etdi: “Bu məbləğ çox azdır”

Partiya sədri puldan narazılıq etdi: “Bu məbləğ çox azdır”

Təhsil

16 Oktyabr 2012, 10:24

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa siyasi partiyaların maliyyələşməsi ilə bağlı dövlət tərəfindən ayrılan 2 milyon manat vəsaitin azlığından şikayət edib. Deputat Modern.az-a açıqlamasında parlamentdə təmsil olunan siyasi partiyalara ayrılan vəsaitin dövlət qurumlarında ayrılan vəsaitdən xeyli az olduğunu bildirib. Onun sözlərinə görə,  burada əsas məqsəd gözdən pərdə asmaqdır.

“Bizim bu məsələ ilə bağlı fikrimiz açıqdır ki, burada əsasən məqsəd partiyaların güclənməsi deyil, Yeni Azərbaycan Partiyasının güclənməsidir. Bizə ayrılan vəsait parlamentdə təmsil olunan partiyalar üçün hər hanslı imkan yaratmır. Məbləğ çox azdır. Hətta başqa qurumlara ayrılan vəsaitin yanında bu çox cüzidir. Məncə, bu məqbul deyil. Əgər siyasi partiyaları inkişaf etdirmək istəyiriksə daha samballı dövlət dəstəyi olmalıdır. Dövlət tərəfindən ayrılan vəsaitin 10 faizi yerdə qalır. Bu məbləğin yenidən büdcəyə qaytarılması düzgün deyil”, -deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, partiyaların maliyyələşməsinə dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb. Sözügedən qanun layihəsinin tələbinə görə, həmin məbləğin 50 faizi hakim Yeni Azərbaycan Partiyasına veriləcək, ümumi məbləğin 40 faizi isə parlamentdə təmsil olunan 10 partiya arasında bölünəcək. Yerdə qalan 10 faiz vəsaitin isə taleyi hələ məlum deyil. Ölkənin aparıcı müxalifət partiyaları olan AXCP və Müsavat isə dövlət yardımından faydalana bilməyəcəklər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi